Yeni qiymətləndirmə metodları ekspertlərlə müzakirə olunub

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Xəzər Universitetinin rektoru İradə Xəlilova və tibb təhsili üzrə ekspert, ABŞ Arizona dövlət universiteti ilə çalışan Francisco Gutierrez ilə görüş keçirilib.

Görüşdə mini klinik qiymətləndirmə tapşırığı - Mini-KQT (Mini clinical evaluation exercise - Mini-CEX), PBBM - prosedur bacarıqlarının birbaşa müşahidəsi (Direct Observation of Procedural Skills- DOPS), Situasiya/klinik hala əsaslanan müzakirə (Case-Based Discussion - CbD), 360 dərəcə kimi yeni qiymətləndirmə metodları müzakirə olunub, həmçinin tapşırıq-əsaslı öyrənmə, klinik təqdimatla öyrənmə, problem-əsaslı öyrənmə, hadisə-əsaslı öyrənmə kimi yeni tədris metodları haqda fikir mübadiləsi aparılıb.

Görüşdə ATU-nun öz bazalarında iş-əsaslı təhsil və Şamaxıda icma əsaslı təhsil həyata keçirilməsinə toxunulub.

Qonaqlara Klinikanın direktoru Cavid Paşayev və İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva tərəfindən 3 proqramın akkreditasiyası, eləcə də universitet kampusu (4 klinika, kafedralar və onların laboratoriyaları) və yeni təhsil proqramı haqqında məlumat verilib.

İ.Xəlilova və F.Gutierrez klinika ilə yaxından tanış olub, konsiliumda iştirak edib və I Cərrahi xəstəliklər kafedrasında olublar.