Fakültələrdə I kurs tələbələri ilə görüşlər keçirilib

Onlara tədris prosesi və universitetin ictimai-sosial həyatı ilə bağlı zəruri məlumatlar verilib

2023-24-cü tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Tibb Universitetinə yeni qəbul olunmuş tələbələrlə görüşlər keçirilib. Tanışlıq xarakterli görüşlərə fakültələrin dekanları, dekan müavinləri, akademik məsləhətçiləri, eləcə də tələbə həyatının sevincini yaşayan gənclərin valideynləri qatılıblar.

Yeni tədris ilində I  Müalicə-profilaktika fakültəsinin I kursuna qəbul olunan tələbələri fakültənin dekanı, dosent Elşad Novruzov ATU ailəsinə üzv olmaları münasibətilə təbrik edib. O, ATU-nun tədris binaları, klinikaları, yataqxanaları, Elektron Tədris Sistemi, idman kompleksi, saytı, kitabxanası, həmçinin fakültənin sosial şəbəkə hesabları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Görüşdə I kurs tələbələri universitetin daxili qaydaları, tədris sistemi, imtahan prosesi, ali məktəbdə son illərdə aparılan islahatlar barədə də məlumatlandırılıb. Eyni zamanda tələbə təşkilatlarının fəaliyyətindən, tələbələrin asudə vaxtının təşkili, intellektual səviyyəsinin artırılması istiqamətində ictimai fəalların gördüyü işlərdən, həyata keçirilən layihələrdən danışılıb.

Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva da ATU-ya yeni qəbul olunmuş tələbələri təbrik edərək onlara uğurlar arzulayıb. Bundan sonra fakültənin dekan müavini Aysel Həşimova tələbə adını qazanan gəncləri universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının işi ilə tanış edib. O, ictimai təşkilatların həm də tələbələrin arzu və təkliflərini reallaşdırmağa çalışdığını, yeri gələndə müvafiq qurumlar qarşısında məsələlər qaldırdıqlarını diqqətə çatdırıb.

Görüşdə iştirak edən tələbə dekan Şahverdi Mirzəyev I kurs tələbələri ilə səmimi ünsiyyət quraraq, onları ilk gündən universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb.

Yeni qəbul olunmuş tələbələri və onların valideynlərini təbrik edən II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli praktik təcrübə keçmək üçün universitet klinikalarındakı mövcud şəraitdən geniş bəhs edib. Dekan müavini Sevinc Məhərrəmova təhsil prosesi ilə bağlı ətraflı məlumat verib.

Belə bir görüş İctimai səhiyyə fakültəsinin valideyn və tələbələri ilə də olub. Fakültənin dekanı, dosent Qalina Qəniyeva, akademik məsləhətçi Nailə Məmmədova kredit sistemi, qiymətləndirmə, kredit borcu və s. barədə tələbələrə ətraflı məlumat veriblər. Koordinatorlardan Fəxriyyə Məmmədova, Məhərrəm Məhərrəmov tələbələrin gələcəkdə savadlı və peşəkar həkim kimi yetişməsi üçün onların daim öz üzərlərində işləməsinin vacibliyini söyləyiblər.

Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli I kurs tələbələri ilə görüşdə fakültənin tarixi inkişaf yolundan söhbət açıb. O, son illərdə fakültədə Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə, İran, Suriya, Anqola, Nigeriya, Sudan, İraq, Əfqanıstan və başqa ölkələrin gənclərinin də təhsil aldığnı bildirib.

Dekan və dekan müavini tələbələri geyim mədəniyyətinə, nizam-intizam qaydalarını riayət etməyə, eyni zamanda xarici dil öyrənməyə və mübadilə proqramlarında fəal iştirak etməyə çağırıblar.

Görüşlərdə tələbə dekanlar, tələbə təşkilatlarının sədrləri də iştirak ediblər. Fakültələrin nümayəndələri görüş zamanı səslənən sualları cavablandırıblar. Görüşlər bitəndən sonra tələbələr universitet şəhərciyi ilə əyani tanış olublar.