Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinə yeni direktor təyinatı olub. Bununla bağlı keçirilən tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, elmi tədqiqat sahəsi bütün ali təhsil ocaqlarında vacib və prioritet istiqamətlərdən biridir.
Rektor xatırladıb ki, bir neçə il öncə Prezident İlham Əliyevin tapşırığı ilə bir sıra qurumlar tədqiqat müəssisələrinə çevrilib. Elm və Təhsil Nazirliyində, Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlar da sübut edir ki, hazırda təhsili elmsiz təsəvvür etmək mümkün deyil: “Bizim universitetimizdə də hər zaman olduğu kimi, elm sahəsinə böyük diqqət yetirilir. Hər kəsə məlumdur ki, ATU-nun bir çox tanınmış alimləri, korifeyləri olub, hazırda da var. Onların elmi işləri, tədqiqatları, məqalələri, doktorluq dissertasiyaları həm ölkəmizdə, həm də ölkəmizdən kənarda tanınır”.
Professor G.Gəraybəyli ATU-da fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyası və Elmi Tədqiqat Mərkəzinin işini yüksək dəyərləndirib. Qeyd edib ki, uzun illər ərzində universitetin elm sahəsinin əsasını məhz Elmi Tədqiqat Mərkəzi təşkil edib: “Burada çoxsahəli işlər görülüb, səhiyyənin müxtəlif istiqamətlərində elmi tədqiqatlar aparılıb. İnanıram ki, bu işlər gələcəkdə də davam edəcək. Uzun illər ərzində Mərkəzə əməkdar elm xadimi, professor Qalib Qarayev uğurla rəhbərlik edib. O, bir rəhbər kimi işinə məsuliyyətlə yanaşıb, qüsursuz işləyib. Onun məqsədyönlü fəaliyyəti nəticəsində buradan demək olar ki, hamının yolu keçib və Qalib müəllim hər kəsə köməklik göstərib. O mənə öz ərizəsi ilə müraciət etdi və daha sakit fəaliyyətlə məşğul olmaq istədiyini bildirdi. Mən də rektor olaraq, Qalib müəllimə istədiyi kafedrada professor məsləhətçisi vəzifəsini təklif etdim. O yenə də bizimlə birgə fəaliyyətini davam etdirəcək”.
Rektor yeni təyin olunan direktorun da ATU ailəsinin üzvü olduğunu sevindirici hal kimi qiymətləndirib: “Bu gündən Elmi Tədqiqat Mərkəzinə rəhbərliyi ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Histologiya, sitologiya və embriologiya kafedrasının dosenti Orxan İsayev həyata keçirəcək. Ona işlərində uğurlar arzu edirik. İnanıram ki, bu işi də müvəffəqiyyətlə aparacaq”.