Universitetimizə üz tutan magistrantların sayı da xeyli yüksəlib
Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinə qəbul sona çatıb. Adıçəkilən şöbənin müdiri, professor Məlahət Sultanovanın verdiyi məlumata görə, ötən tədris ili ilə müqayisədə (140 nəfər) yeni tədris ilində DİM-in xətti ilə qəbul olunan rezidentlərin sayı 233 nəfər təşkil edib:
“Onlardan 5 nəfəri portala müraciət etməyib, nəticədə 228 nəfər tibbin müxtəlif ixtisasları üzrə ATU-nun rezidenti adını qazanıb. Bir nəfər əcnəbi vətəndaş DİM-in xətti ilə qəbul olunub, 4 nəfər isə ödənişli əsaslarla ikinci təhsil almaq hüququ əldə edib. Ən yüksək bal (87) toplayan rezident Daxili xəstəliklər ixtisasına qəbul olunub. Bu il ən çox rezident Anesteziologiya-reanimatologiya (20 nəfər) ixtisası üzrə qeydə alınıb. Bundan əlavə, birbaşa müraciət edən 28 nəfər əcnəbi vətəndaşın ərizəsi müqavilə yolu ilə qəbul edilib”.
Şöbə müdiri rezidentlərin kliniki istiqamətlə yanaşı, həm də elmi yönümdən yetişdirilməsi, mühazirələrin təşkili, rotasiyaların tənzimlənməsi, müvafiq seminarların bu il də davam etdirilməsi və digər aspektlərin vacibliyini söyləyib.
Onun sözlərinə görə, ötən tədris ilində universitet üzrə 35 nəfər magistrant dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək magistr adını alıb: “Onlardan 9-u Klinik psixologiya, 10-u Menecment (səhiyyə sahəsi üzrə), 3-ü Əczaçılıq texnologiyası, 3-ü Əczaçılığın təşkili, 3-ü Toksikoloji kimya, 3-ü Farmakoqnoziya, 4-ü Əczaçılıq kimyası ixtisasları üzrə məzun olublar. Məzunlar arasında 1 nəfər xarici vətəndaş idi.
2023-24-cü tədris ili qəbuluna gəldikdə isə, DİM-in yolu ilə 65 nəfər plan yeri üzrə 64 nəfər qəbul olunub. Bunlardan 15-i Klinik psixologiya, 15-i Menecment (səhiyyə sahəsi üzrə), 4-ü Əczaçılıq texnologiyası, 5-i Əczaçılığın təşkili, 5-i Toksikoloji kimya, 5-i Farmakoqnoziya, 5-i Əczaçılıq kimyası, 5-i Biokimya, 5-i Mikrobiologiya ixtisasları üzrə magistrant adını qazanıblar”.
Yaxın günlərdə yüksək balla qəbul olunanlarla rəhbərlik arasında görüşün təşkil ediləcəyini də söyləyən Məlahət xanım bildirib ki, həmin görüşdə rezidentura təhsili səviyyəsinin daha da yüksəldilməsi, həmçinin problemlərin həlli yolları istiqamətində söhbət aparılacağı nəzərdə tutulub. O, həmçinin yeni qəbul edilənlərə universitetdaxili nizam-intizam qaydaları, tədris prosesi və digər mühüm məqamlar haqqında zəruri məlumat və tövsiyələrin veriləcəyini deyib.