ATU və RBU-nun nümayəndə heyəti İstanbulda ICME-2023-ə hazırlıq çərçivəsində görüşlər keçirib

Xəbər verdiyimiz kimi, 7-10 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Tibb Universitetində Pakistanın Riphah Beynəlxalq Universiteti (RBU) ilə birgə Tibb təhsili üzrə 8-ci beynəlxalq konqres (ICME-2023) keçiriləcək.

 Konqresə hazırlıq çərçivəsində ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov RBU-nun nümayəndə heyəti ilə birlikdə Türkiyənin İstanbul şəhərində yerləşən bir neçə universitetdə işgüzar səfərdə olub. RBU-nu səfərdə universitetin rektoru Hassan Muhammad Khan və prorektor müavini, professor Yavər Hayat Khan təmsil ediblər.

Nümayəndə heyəti 3 gün ərzində Yeditepe, İstanbul Universiteti-Cerrahpaşa, Altınbaş, İstanbul Aydın və İstinye universitetlərinin rəhbərlikləri ilə görüşlər keçirib. Görüşlərdə ICME-2023 haqqında ətraflı məlumat verilməklə yanaşı, ATU və RBU-nun qardaş Türkiyə universitetləri ilə gələcək qarşılıqlı əməkdaşlıq planları da müzakirə edilib.