ATU-nun nəzdində psixoloji mərkəz yaradılıb - Video

Azərbaycan Tibb Universitetinin 25 iyun 2023-cü ildə keçirilmiş Böyük Elmi Şurasının qərarına əsasən, universitetin nəzdində psixoloji mərkəz yaradılıb.

Mərkəzin rəhbəri, klinik psixoloq və psixoterapevt Günel Abasovanın sözlərinə görə, mərkəzdə professor-müəllim və işçi heyətinə, o cümlədən tələbələrə psixoloji yardım göstərilir. Şəxsi həyatında, sosial mühitlə bağlı, həmçinin adaptasiya olunmaqda çətinliklər yaşayan həkim, müəllim və ya inzibati-texniki işçilər, eləcə də tədrisdə problemləri olan tələbələr bu mərkəzə müraciət edə bilərlər.

Mərkəz ATU-nun beş klinik psixoloqunun fəaliyyətini əhatə edir. Belə ki, Tədris Terapevtik Klinikada 3, Lökbatan poliklinikasında 1 və Yasamal rayonunda yerləşən 16 saylı poliklinikada 1 nəfər olmaqla, mütəxəssislər ehtiyacı olanları qəbul edir. Bununla əməkdaşlara və tələbələrə yaxın yerləşmək məsələsi nəzərə alınıb.

İş qrafiki səhər saat 9-dan axşam saat 6-ya kimidir. Konsultasiyalar 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparıldığından, xarici tələbələr də müraciət edə bilər.