ATU-nun tələbəsi karate üzrə dünya ikincisi olub

 

Sentyabrın 8-10-da Özbəkistanın paytaxtı Daşkənddə karate üzrə dünya çempionatı keçirilib.

“Təbib” idman klubunun sədri, əməkdar məşqçi Qələndər Aslanovun bildirdiyinə görə, çempionatda yığma komandanın tərkibində Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin 3-cü kurs tələbəsi Vüsal Seyidov 65 kq çəki dərəcəsində ölkəmizi təmsil edib: “Ümumilikdə 32 ölkənin iştirak etdiyi bu mötəbər turnirdə tələbəmiz Vüsal Seyidov 7 görüş keçirib. Final görüşünə qədər Türkmənistan, Qazaxıstan, İsrail, Hindistan, Böyük Britaniya və Özbəkistan idmançıları üzərində tam qələbə qazanıb. Təəssüf ki, finalda yerli hakimlərin idarə etdiyi görüşdə haqsızlıqla üzləşib. İdmançımız hakimlərin tərəfkeşliyi ucbatından özbəkistanlı idmançıya məğlub olub və dünya çempionatının gümüş medalını qazanıb.

Bu qələbə münasibətilə tələbəmiz Vüsal Seyidovu təbrik edir, daha uğurlu nəticələr arzulayırıq”.