Əməkdaşımız təlimdə çıxış edib

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyədə Fövqəladə Hallar Proqramı və Aİ tərəfindən maliyyələşdirilən “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində ÜST-nin Azərbaycan Ofisi tərəfindən infodemiyaya qarşı mübarizəni dəstəkləmək və daha sağlam informasiya ekosisteminin qurulması üçün “İnfodemiyanın İdarəolunması" üzrə təlim təşkil olunub.

ATU-nun dosenti Nigar Bayramova təlimdə “Peyvəndlər: miflər və reallıqlar” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Təlimdə 30-a yaxın jurnalist, sosial mediada geniş izləyici auditoriyasına sahib influenser və yerli səhiyyə qurumlarının nümayəndələri iştirak edib. İştirakçılara risk kommunikasiyası və icmalarla iş, səhiyyədə fövqəladə hallar zamanı medianın rolu, rutin immunizasiya, infodemiya anlayışı və onun idarəolunması haqqında məlumat verilib, qrup işləri aparılıb və müzakirələr təşkil olunub. 

 

 

 

 

Tiroid cərrahiyyəsində son yeniliklər müzakirə olunub

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu Azər Hümmətov sentyabrın 27-dən oktyabrın 1-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Amerika Tiroid Cəmiyyətinin təşkil etdiyi illik konfransda iştirak edib.

Konfransda cərrah-endokrinoloqun “Endemik və qeyri-endemik bölgələrdə tiroid düyünlərinin əməliyyatönü diaqnostikasında ACR-TİRADS təsnifatının və patahistoloji nəticələlərin əhəmiyyəti” mövzusunda poster çıxışı olub. Mövzu iştirakçıların diqqətini çəkib, toxunulan məsələlərlə bağlı maraqlanıblar.

Konfransda tiroid cərrahiyyəsində son yeniliklər, müasir cihazlarla tiroid və paratiroid əməliyyatlarının aparılması, xoşxassəli və bədxassəli tiroid düyünlərinə müasir yanaşma üsulları və taktikaları, tiroid ultrasəs müayinəsinin əhəmiyyəti, qalxanabənzər vəzinin differensiyası, bilavasitə reseptor səviyyəsində olan müalicə taktikaları və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

A.Hümmətov konfrans zamanı təşkil olunan kurslarda da iştirak edib.