ATU əməkdaşları “Payız məktəbləri” layihəsi əsasında 17-ci Beynəlxalq elmi konqresində çıxış ediblər

Sentyabrın 19-dan 24-dək Şimali Kipr Türk Cümhuriyyətində Türkiyə Ailə Həkimlər cəmiyyətinin (Türkiye Aile Hekimlər Vakfının TAHV-nın) təşkil etdiyi “Payız məktəbləri” layihəsi əsasında 17-ci Beynəlxalq elmi konqresi keçirilib. Adı çəkilən konqresə başda Türkiyə, ŞKTC və Azərbaycan olmaqla 1000 nəfərdən artıq nümayəndə qatılıb.

Konqresdə respublikamızı ATU-nun Ailə təbabəti kafedrasının müdiri, professor İbrahim İsayev və həmin kafedranın assistenti Lalə Qasımova təmsil ediblər. Konqresdə bir panel ayrıca olaraq Azərbaycanda ailə həkimliyinin problemlərinə həsr edilib. Professor İ. İsayev  “Azərbaycanda ailə həkimliyinin yaranması və inkişafı”, assistent L. Qasımova “Azərbaycanda ilkin səhiyyə xidmətinin dünəni və bu günü” həmçinin, professor Mehmet Akman isə “Azərbaycanda ilkin tibbi yardım xidmətlərinin gücləndirilməsi” mövzularında məruzə  ilə çıxış etmişlər. Məruzələr konqresdə böyük maraqla qarşılanmış və iştirakçılar tərəfindən geniş şəkildə müzakirə olunub.

Konqresdə professor İbrahim İsayev  Türkiyə Ailə Həkimlər cəmiyyətinin (TAHV-nın) idarə heyətinə üzv seçilmiş və orada qərara gəlinibdir ki, gələcəkdə TAHV-in növbəti Beynəlxalq elmi konqreslərindən biri də Bakıda keçirilsin.

Məlumat üçün onu da bildirək ki,  Türkiyə Ailə Həkimlər cəmiyyətinin təşkil etdiyi bu Beynəlxalq elmi konqreslər “Payız məktəbləri” layihəsi əsasında ənənəvi olaraq hər ilin payız ayında  baş tutur.