Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba Olimpiya Kompleksində “KOMANDO” hərbi düşərgəsi təşkil olunub. Düşərgədə ölkənin müxtəlif regionlarından olan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib.
“Təbib” idman klubunun təşəbbüsü ilə Azərbaycan Tibb Universitetini Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbələri - Toğrul Abdullayev, Sənan Quliyev, Kənan Quliyev və Salman Sadıqov təmsil ediblər. Əməkdar məşqçi Qələndər Aslanovun verdiyi məlumata görə, beş günlük düşərgə hərbi ağırlaşdırılmış formatda keçirilib. Ekstremal şəraitdə fəaliyyətlər, əyləncəli hərbi və intellektual oyunlar, hərbi təlimlər, şəbəkələşmə və digər fəaliyyətlər tələbələrin yaddaşında iz buraxa bilib: “Tələbəmiz Toğrul Abdullayev mühəndis-istehkam hazırlığında I, qumbaraatma yarışlarında II yer tutub, rəngarəng nömrələr, nümunəvi çıxışları ilə fərqlənib. Salman Sadıqov kəşfiyyat topoqrafiyasında ikinci olub. Kənan Quliyev intellektual bilik yarışmasında birinci, Sənan Quliyevin komandası ümumi qrupda ikinci yerə layiq görülüb”.
Q.Aslanov onu da bildirib ki, düşərgənin qaydalarına əsasən, nizam-intizama önəm verilib. Belə ki, istər təlimlərdə, istər yeməkxanada, istərsə də qaldıqları məkanda kim qayda pozuntusuna yol verirdisə, onun ümumi balından cəza olaraq müəyyən qədər çıxılırdı. Hətta qaydaları kobud şəkildə pozduqları üçün bəzi komandaları təmsil edən beş tələbə yarışlardan uzaqlaşdırılıb.
Qeyd edək ki, ATU tələbələri bu düşərgədə hərbi nizam-intizam qaydalarına görə ən yüksək bal toplayıb. Düşərgənin son günü tələbələrimizə təlimatçı zabitlər tərəfindən təşəkkür elan edilib və Gənclər və İdman Nazirliyinin sertifikatı təqdim olunub.