Bütün dünyada piylənmədən əziyyət çəkənlərin sayının artması bariatrik cərrahiyyəni aktuallığını daha da artırır. Sentyabrın 28-29-da Astana şəhərində keçirilən II KasBariMet beynəlxalq konqresi də bu sahədəki yeniliklərə və problemlərin müzakirəsinə həsr olunub.
Konqresdə ATU-nun I cərrahi xəstəliklər kafedrasının dosenti Taryel Ömərov iştirak edib. Tədbirə moderator qismində qoşulan azərbaycanlı mütəxəssis həmçinin ölkəmizdə bariatrik-metabolik cərrahiyyənin uğurları haqqında çıxış da edib.
Cərrah T.Ömərov tədbirdəki çıxışında təkrar mədə kiçiltmə əməliyyatlarından bəhs edib: “Canlı əməliyyat görüntülərini nümayiş etdirdiyim təqdimatım Orta Asiya dövlətlərindən gələn cərrahlar tərəfindən xüsusi maraqla qarşılandı. Həmin ərazidə bariatrik-metabolik əməliyyatlar yeni sayılır. Odur ki, belə əməliyyatların icrası, fəsadların qarşısının alınması üçün görüləcək tədbirlər, diqqət ediləcək məqamlar haqqında çıxışım həmkarlarımın ikiqat marağına səbəb oldu”. T.Ömərov tədbirdə Azərbaycan və Qazaxıstan bariatrik cəmiyyətləri arasında dostluq əlaqələrinin əhəmiyyətindən də söz açıb.