Sentyabrın 29-da ATU-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəhbər şəxslərinin rezidenturada təhsil alan həkim-rezidentlərlə və magistrlərlə görüşü keçirilib. Görüş rezidenturanı və magistraturanı bitirən həkim-mütəxəssislərin və magistrlərin təyinatı və iş yerlərinə göndərilməsi mövzusuna həsr olunub. Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Naxçıvan MR Səhiyyə Naziri Samiq Sadıqov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Təranə Əhmədova və ATU-nun Rezidentura və magistratura şöbəsinin məsul işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor Gəray Gəraybəyli görüşün əsas məqsədi ilə rezidentləri tanış edib və bu ilin məzun rezidentlərinə uğurlar arzulayıb.
Daha sonra Naxçıvan MR Səhiyyə Naziri Samiq Sadıqov çıxış edərək hazırda Muxtar Respublikada səhiyyə sisteminin vəziyyəti və əsas vakant yerlər haqqında, eləcə də orada çalışacaq həkimlərə yaradılan şərait və digər aspektlərlə bağlı rezident və magistrlərə geniş məlumat verib. Eyni zamanda Muxtar Respublikada olan klinikalara aid video-çarx nümayiş etdirilib. Görüşdə rezident və magistrləri maraqlandıran suallar da ətraflı çavablandırılıb.