Universitetimizin Sitologiya, embriologiya və histologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Aygün Əliyarbəyova qardaş Türkiyə Respublikasında Cümhuriyyət quruluşunun 100 illiyinə həsr olunmuş 26-cı Beynəlxalq Türkiyə Elektron Mikroskopiya Konqresində iştirak edib.
A.Əliyarbəyovanın dediyinə görə, 1971-ci ildə professor Türkan Erbenginin başçılığı ilə əsası qoyulan Türk Elektron Mikroskopiya Dərnəyinin təşkil etdiyi bu konqresdə 300-ə yaxın tezis qəbul olunsa da, 500-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Tədbirdə həm Türkiyə, həm də digər ölkələrdən mikroskopiya sahəsində sözünü demiş mütəxəssislər, tanınan alimlər iştirak ediblər.
Dünyaya meydan oxumuş COVID-19 pandemiyası dövründən ağciyər xəstəlikləri və onun patogenezində iştirak edən faktorlar həm ölkəmizdə, həm də xaricdə aparılan elmi-tədqiqat işlərində əsas istiqamət kimi dəqiqliklə öyrənilməkdədir. A.Əliyarbəyova 2021-ci ildən elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunaraq, “Makrofaq miqrasiyası inhibitor faktoru (MIF) təsirindən ağciyərlərin strukturunda və MİF ekspressiyasında baş verən dəyişikliklər” mövzusunda çalışır. Konqresdə məruzə ilə çıxış edən əməkdaşımız, əldə etdiyi məlumat və nəticələri histoloq və morfoloqlarla bölüşüb. O, iştirakçıları makrofaq miqrasiyası inhibitor faktorunun bir sıra xəstəliklərin patogenezində olan rolu və təsiri haqqında məlumatlandırıb, onun ağciyərlərin struktur elementlərində törətdiyi morfoloji dəyişikliklərin nəticələrini təqdim edib. Əməkdaşımızın çıxışı, eləcə də poster təqdimatı maraqla qarşılanıb. Bundan başqa, A.Əliyarbəyova Eskişehir Texnik Universiteti və Anadolu Universitetində təşkil olunmuş kurslarda iştirak edərək, sertifikatlarla təltif olunub.