Endokrinoloqların beynəlxalq konqresində ATU da təmsil olunub

Hər il ənənəvi qaydada keçirilən Avropa uşaq endokrinoloqlarının 61-ci beynəlxalq elmi konqresi sentyabrın 21-dən 23-dək Niderlandın Haaqa şəhərində baş tutub. Konqresin işində dünyanın aparıcı ölkələrindən gəlmiş 5000-ə yaxın nümayəndə iştirak edib.

Tədbirdə Azərbaycan Tibb Universitetini II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.e.d. Gündüz Əhmədov və assistent İlsur Novruzov təmsil ediblər. Onların “Uşaqlarda osteogenez imperfekta və onun klinik xüsusiyyətləri” mövzusunda məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Məruzədə qeyd olunub ki, bu patologiyaya uşaqlar arasında az rast gəlinməsinə baxmayaraq, xəstəliyin diaqnostikası və müalicəsi indiyədək tam öyrənilməyib. Müəlliflər bu tip patologiyalı uşaqların klinik, laborator diaqnostikası, müalicəsini ətraflı araşdırdıqlarını vurğulayaraq, əldə olunan nəticələri iştirakçıların nəzərinə çatdırıblar.

Bundan başqa, konqresdə son illərdə uşaqlarda piylənmə, onun yaranma səbəbləri və müalicəsinin aparılması kimi məsələlər diqqət mərkəzində olub. Bu baxımdan piylənmənin müalicəsi üçün Liraqlütid tərkibli dərman preparatlarının istifadəsi mütəxəssislərdə maraq doğurub. Konqresdə, həmçinin uşaqlarda boy problemləri, cinsi inkişaf pozulmaları, böyrəküstü vəzin patalogiyaları, şəkərli diabet mövzularından da ətraflı söhbət açılıb. Məruzələrdə göstərilib ki, son illərdə uşaqlarda endokrinoloji patologiyaların müasir müalicəsinə də xeyli diqqət ayrılır. Belə ki, gündəlik boy hormonu inyeksiyaları əvəzinə, həftəlik inyeksiyaların artıq istifadəsinin, adrenal patologiyalarda hidrokortizonun sutka ərzində düzgün paylanmasını təmin edən yeni preparatların və uşaqlarda hiperxolesterinemiyanın müalicəsində istifadə edilən müasir statin preparatların da təqdimatı olub.

Qeyd edək ki, əməkdaşlarımızın belə bir nüfuzlu tədbirdə iştirak etməsi universitetimizin beynəlxalq nüfuzunun yüksək olmasından irəli gəlir.