Astronavtlar ATU-nun tələbələri ilə görüşüb - Video

Prorektor Zülfüqar Musabəyov: Bu görüş həm tələbələrimiz, həm də professor-müəllim heyəti üçün unudulmaz bir xatirəyə çevriləcək

 Oktyabrın 2-də Azərbaycanın Kosmik Agentliyinin ("Azərkosmos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda öz işinə başlayan 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində dünən ATU-da tələbələrin astronavtlarla görüşü olub.

Tələbələr astronavtları telefonlarının işıqlarını yandırıb ulduzlu fəza görüntüsü yaratmaqla qarşılayıblar.

Tədbiri giriş sözü ilə universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov açıb. O, qonaqları öz adından və universitetin rektoru, professor Gəray Gəraybəylinin adından salamlayaraq ən xoş arzularını çatdırıb. Azərbaycanın son illərdə çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirən prorektor, bu möhtəşəm beynəlxalq konqresin ölkəmizdə keçirilməsinin də qürurverici bir hadisə olduğunu deyib: “Qeyd etmək istərdim ki, Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi kosmik sənayeyə verdiyimiz önəmin nəticəsidir. Hələ 50 il əvvəl, 1973-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi böyük tarixi hadisə idi. Hazırda ölkəmizdə keçirilən 74-cü konqresin “Heydər Əliyev İli”nə təsadüf etməsi isə xüsusilə əlamətdardır. Tədbirdə 30 müxtəlif ölkədən 1500-dən çox iştirakçının toplanması Azərbaycan Respublikasının inkişafının və dünya arenasında qabaqcıl yerinin bariz nümunəsidir”.

Z.Musabəyov konqres çərçivəsində Bakıya gəlmiş dünyanın tanınmış astronavtları Anthony Antonelli, Alper Gezeravci, Yulie Payette və Anna Kikinanın universitetimizin qonağı olmalarından məmnunluğunu dilə gətirib. Eyni zamanda görüş üçün bizim universiteti seçdiklərinə görə onların hər birinə təşəkkürünü bildirib. Bu görüşün həm tələbələrimiz, həm də professor-müəllim heyəti üçün unudulmayan bir xatirəyə çevriləcəyini söyləyən prorektor, astronavtlarla görüş imkanı yaratdığına görə Azərbaycanın Kosmik Agentliyinə və həmin qurumun təmsilçisi İmran Muxtarova da xüsusi minnətdarlığını çatdırıb. Çıxışının sonunda tələbələri “Kosmos və səhiyyə” mövzusunda sual-cavab sessiyasında fəal olmağa çağırıb.

“Azərkosmos”un təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov çıxış edərək 50 ildən sonra Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsinin sevindirici hal olduğunu vurğulayıb. Diqqəti bir neçə fakta yönəldərək, 3670 elmi məqalənin dünyanın 89 ölkəsində təqdim edildiyini söyləyib. O cümlədən 14 universitetin təmsilçiliyi ilə tələbələr tərəfindən təqdim olunan 214 elmi məqaləyə görə Azərbaycanın dünyada ilk beşlikdə yer almasını yüksək qiymətləndirib: “ABŞ, İtaliya, Hindistan və Çindən sonra Azərbaycanın 5-ci yeri tutması çox böyük nailiyyətdir. Böyük bir konqresin bir parçası olan beynəlxalq astronavtlar proqramı da çox önəmlidir. Konqres çərçivəsində keçirilən bu görüşlər 5 universitetdə, 4 məktəbdə və digər inkuliziv, eləcə də idman, sosial uşaq və gənclər mərkəzlərində olmaqla toplam 12 görüşdən ibarətdir. Bu gün Azərbaycan Tibb Universitetindəyik. Professor Gəray Gəraybəyli başda olmaqla universitet rəhbərliyinə təşəkkür edirik. Paraolimiadaçılarımız, eyni zamanda inkuliziv uşaqlarımız, məktəblilərimiz, tələbələrimiz, professor-müəllim heyəti üçün nəzərdə tutulan bu proqrama 3000-ə yaxın şəxs qatılıb. Azərbaycanın Kosmik Agentliyi uzun illərdir ki, tələbələrlə, gənc alimlərlə və bu sahənin mütəxəssisi olan insanlarla aktiv fəaliyyət aparır. İndi əsas məqsədlərimizdən biri təkcə peyklərin operatorluğunu həyata keçirmək deyil, ölkədə kosmik ekosistemin inkişafına, tələbələrimizin, gənc alimlərimizin, eləcə də digər kateqoriyadan olan cəmiyyət mənsublarının kosmos elmi haqqında maarifləndirilməsinə dəstək göstərməkdir”.

Daha sonra astronavtlar kosmosa uçmaq arzularının necə yaranmasından danışıblar.

Yulie Payette: “İlk növbədə televizorda kosmosla bağlı verilişlərə baxanda çox ruhlandım. Amma ingilis dilini bilmirdim. O vaxt qadınlar kosmosa uçmurdular. Mən pilot da deyildim. Bütün bu çətinliklərə rəğmən, sonda kosmosa uçmaq arzumu yerinə yetirdim. Siz də buna qadirsiz. Mümkünsüz heç nə yoxdur”.

Anthony Antonelli: “Məni isə kosmosa elmə olan sonsuz marağım həvəsləndirdi. Kəşf edilməmiş şeylər o qədər çoxdur ki, istədim ki, bu yolun bir hissəsi olum”.

Anna Kikina: “27 yaşıma qədər sevdiyim işlərlə məşğul olurdum. Amma özümü tam tapmamışdım. 27 yaşımda özümü təsdiqləmək üçün kosmosu seçdim”.

Alper Gezeravci: “14 yaşımdan əsgər məktəbinə getdim. Sonra əsgərlik həyatı başladı. 8 il hava yollarında kapitan-pilot olaraq çalışdım. Uçmaq xəyalı gerçəkləşmiş bir insan idim. Lakin həyatımın heç bir dönəmində kosmos mənim xəyalım olmamışdı. Bir dəfə əsgəri uçuşdan gəldikdən sonra Cümhurbaşkanı tərəfindən bir türk vətəndaşının Cümhuriyyətin 100 ilində kosmosa göndəriləcəyi xəbərini eşitdim. Ölkəm adına sevindim. Məni astronavt olmağa kosmasda xalqımızı təmsil etmək istəyi ruhlandırdı”.

Qarşılaşdıqları çətinliklərdən və uçuş təcrübələrindən də söhbət açan astronavtlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Görüşün sonunda asronavtlara Azərbaycan Tibb Universitetinin xatirə hədiyyələri təqdim olunub. Astronavtlar da tələbələrə imzalı şəkillərini təqdim ediblər və görüş fotosessiya ilə başa çatıb.

Xatırladaq ki, Bakıda Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.