ATU TEC-in rəhbəri beynəlxalq konfransda iştirak edib

Sentyabrın 17-20-də Azərbaycan Tibb Universitetinin Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov Moskvada keçirilən beynəlxalq konfransda iştirak edib.

Konfransda onkoloji xəstəliklərin endoskopik üsulla müayinə və müalicəsi, əməliyyatdan sonrakı dövrün idarə olunması, laparoskopik əməliyyatların icrası ilə bağlı çoxsaylı məruzələr dinlənilib.

İştirakçılar eyni zamanda konfrans zalından əməliyyat otağında aparılan əməliyyatları canlı şəkildə izləyə biliblər.

Tədbirdə çıxış edən M.Həsənov həm ATU, həm də rəhbəri olduğu cəmiyyət adından iştirakçıları salamlayıb və təşkilatçılara plaket təqdim edib. O bu cür aktual mövzuya həsr olunmuş konfransın iştirakçılar üçün faydalı olacağına əminliyini bildirib.

Konfrans çərçivəsində ATU-nun əməkdaşı Rusiya və digər ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə səmərəli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. 

Sonda tədbir iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.