Oktyabrın 7-də Tibb Təhsili üzrə Beynəlxalq Konfransın (ICME) fəxri qonaqları Fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Dünya Tibb Təhsili Federasiyasının prezidenti Rikardo Leon-Borkes, Pakistanın Riphah Beynəlxalq Universitetinin rektoru Hassan Muhammad Khan, Birləşmiş Ərəb Əmirliklərinin Ras Al KhaimahTibb və Sağlamlıq Elmləri Universitetinin prezidenti, professor İsmayıl İbrahim Matalka, Pakistanın Riphah Beynəlxalq Universitetinin Tibb Kollecinin direktoru,professor Azhar Raşidin və digərlərinin qatıldığı nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər qoyulub. Konfrans fəxri qonaqları daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üstünə gül dəstələri düzüblər.
Qeyd edək ki, bu il ilk dəfə olaraq Tibb Təhsili üzrə Beynəlxalq Konfrans Azərbaycanda, Bakıda keçirilir. Azərbaycan Tibb Universitetinin və Pakistanın Riphah Universitetinin birgə təşkilatçılığı ilə “ICME 2023” Tibb Təhsili üzrə 8-ci Beynəlxalq konfransın təntənəli açılış mərasimi oktyabrın 9-da baş tutacaq. “Tibb təhsilinin transformasiyası: tendensiyalar, problemlər və həllər” mövzusuna həsr edilm iş builki konfransda dünyanın 20-dən çox ölkəsindən gələn 400 mütəxəssis iştirak edir. Simpoziumda tibb təhsilinin bütün aspektlərini, müasir problemləri əhatə edən məruzələr və çıxışlar olacaq, təcrübə mübadiləsi aparılacaq, müzakirələr keçiriləcək.