Beynəlxalq konfransa təlim kursları ilə start verildi

 

Oktyabrın 7-10-da Azərbaycan Tibb Universitetində tibb təhsili üzrə beynəlxalq konfrans (International Conference on Medical Education – ICME) keçiriləcəyi haqqında məlumat vermişdik.

ATU və Pakistanın Rifah Beynəlxalq Universitetinin (RIU) birgə təşkilatçılığı ilə reallaşan konfrans bu gün öz işinə başlayıb. Konfransın rəsmi açılışından öncə dünyanın müxtəlif ölkələrinin alim və ekspertlərinin iştirakı ilə ATU-nun tədris korpuslarında təlim kursları keçirilir.

ATU-nun Elmi hissəsinin tibb və elm üzrə koordinatoru Sevil Əsədova “Təbib” qəzetinə açıqlamasında bildirib ki, Pakistanın Rifah Beynəlxalq Universiteti tibb təhsili üzrə təlimlərə öz ölkələrində çoxdan başlayıblar: “Artıq həmin layihə çərçivəsində dünyanın müxtəlif ölkələrdə də iki ildən bir tibb təhsilinin aktual problemlərinə həsr olunmuş təlimlər keçirlər. Bu il isə Azərbaycan Tibb Universitetini seçiblər. Beynəlxalq konfransa Pakistan, Birləşmiş Ərəb Əmirliyi, Qatar, Böyük Britaniya, ABŞ, Meksika və İran daxil olmaqla, ümumilikdə 20 ölkədən məruzəçilər gəlib. Tibb təhsili üzrə Dünya Fedarasiyasının Prezidenti də konfransda məruzə ilə çixiş edəcək”.

O, tibb təhsilinin bir ixtisas və elm kimi bizdə təzə formalaşdığını söyləyərək, bu cür təlimlərin xüsusi önəmini vurğulayıb. Eyni zamanda tibbin tədrisində əsas bacarıqların aşılanmasının yeni müəllimlər, doktorantlar, o cümlədən tibb tələbələri üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Təlimlərin əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə, bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.

Qeyd edək ki, iki günlük təlimlərdə tədris zamanı süni intellektdən istifadə edilməsi, tədrisdə liderlik, elmi tədqiqatların necə aparılması, tələbələrin qiymətləndirilməsində yeniliklər və impakt faktorlu jurnallarda məqalənin qəbul prosesinə dair maraqlı məruzələr nəzərdə tutulub. Bütün təlimlər ingilis dilində və interaktiv şəraitdə aparılır.