Oktyabrın 9-da Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın (International Conference on Medical Education, ICME) təntənəli açılış mərasimi keçirilib. Azərbaycanda ilk olan bu tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə baş tutur. Dünyanın 20-dən çox ölkəsindən 300-ə yaxın xarici qonağı bir araya gətirən konqresdə tibb təhsili sahəsinin aparıcı mütəxəssisləri iştirak edir.
Açılış mərasimində çıxış edən Səhiyyə naziri Teymur Musayev qonaqları salamlayaraq tədbirin Azərbaycan Respublikasında təşkilinə verdiyi dəstəyə görə Ümumdünya Tibb Təhsili Federasiyasına minnətdarlığını bildirib. Ölkəmizdə tibb təhsili məsələsinə toxunan nazir qeyd edib ki, Azərbaycan Tibb Universiteti səhiyyə müəssisələri üçün yüksək ixtisaslı həkim kadrları yetişdirir, bununla da əhalinin sağlamlığının qorunmasına, tibb elminin tərəqqisinə mühüm töhfələr verir. Azərbaycan Tibb Universitetinin tədris proqramları beynəlxalq akkreditasiyadan keçib: “Hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlığı aparılır. ATU ölkənin səhiyyə müəssisələri üçün yüksək bilikli kadrlar yetişdirir. Son illərdə tibb təhsilinin dünya standartlarına uyğunlaşdırılması üçün bir neçə ixtisas üzrə qəbul həyata keçirilir”.
Nazir T.Musayev Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 2015-ci il tarixli Sərəncamı ilə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradıldığı xatırladıb. Həmçinin, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu texniki tərəqqinin müasir səviyyəsində təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasını təmin edən diplomdan sonrakı təhsil müəssisəsi olduğunu bildirib. Cənab nazir son dövrlərdə bəşəriyyətin keçdiyi ciddi səhiyyə sınaqları tibb təhsilində yeni yanaşmanı labüd etdiyini, bundan sonra da onlayn təhsilin genişlənəcəyini nəzərə alaraq, xüsusən də davamlı tibbi təhsil sahəsində qlobal vahid akkreditasiya meyarlarının müəyyənləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. Tədbirin tibb təhsilinin gələcək istiqamətləri ilə bağlı aktual məsələlərə toxunacağı və məhsuldar olacağına inandığını bildirən nazir T.Musayev konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayev konfrans iştirakçılarını salamlayaraq, tibb təhsilinin ölkənin strateji məsələlərinin həllində və əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətindən danışıb: “Müşahidələr göstərir ki, ölkədə bütün zamanlarda yüksək nəticə göstərən məzunlar gələcəkdə ali təhsil almaq üçün məhz tibb sahəsini seçirlər ki, bu da yüksəkixtisaslı həkimlərin formalaşması ilə nəticələnir”.
Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli tibb təhsili sahəsində belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi və məhz Heydər Əliyev ilinə təsadüf etməsinin qürurverici hadisə olduğunu vurğulayıb. O, Bakı konqresinin innovativ ideyalar, qabaqcıl təcrübələr və tibb təhsili sahəsində ən son yeniliklərin mübadiləsi üçün platforma rolunu oynayacağlından əmin olduğunu bildirib: “Bu, tibb təhsilinin davamlı təkmilləşdirilməsi və inkişafı mədəniyyətini təşviq etməklə, müəllimlər və tələbələr kimi rollarımız haqqında düşünmək üçün bir fürsətdir. Effektiv tədris metodologiyaları, texnologiya inteqrasiyası və inkişaf edən tibb təhsil mənzərəsi haqqında anlayışımızı genişləndirmək üçün sizi konfrans çərçivəsində keçiriləcək sessiyalar, seminarlar və müzakirələrdə iştirak etməyə dəvət edirik”. Rektor G.Gəraybəyli paytaxtımızda ilk dəfə olan qonaqları özünəməxsus ənənə, müasirlik və müstəsna qonaqpərvərliyi ilə fərqlənən, zəngin tarixə və müxtəlif mədəniyyətlərə malik olan Bakı ilə tanış olmağa çağırıb.
Dünya Tibb Təhsili Federasiyanın (World Federation of Medical Education, WFME) prezidenti, professor Rikardo Leon-Borkes Bakıda ilk dəfə keçirilən ICME konfransının tibb təhsili sahəsində dünya şöhrətli mütəxəssislər arasında qarşılıqlı əməkdaşlıq üçün dayanıqlı platforma təmin etmək məqsədi ilə yaradıldığını qeyd edib: “Azərbaycan tibb təhsilinin inkişaf etdirilməsi istiqamətində beynəlxalq standartlara uyğun hərəkət edir.
Azərbaycanın bu sahədəki səyləri və yatırım etdiyi sərmayələr vəziyyəti doğru istiqamətə aparır: Azərbaycanda tibb təhsili region üçün yaxşı formada hazırlanıb. Ümumilikdə, tibb təhsilinin inkişafı üçün Azərbaycana hər zaman dəstək olmağa hazırıq".
Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Khaimah Tibb və Sağlamlıq Elmləri Universitetinin prezidenti professor İsmayıl İbrahim Matalka tədbirin tibb təhsili sahəsindəki yeniliklərləbağlı tibb ictimaiyyətinin məlumatlandırılması və təcrübə mübadiləsinin aparılması baxımından önəmli olduğunu bildirib.Qonaq bu toplantının bilik və təcrübə mübadiləsi aparmaq, dünyanın fərqli ölkələrindən olan təmsilçilərlə əməkdaşlıqlar qurmaq üçün əla imkan yaratdığını bildirib
Sonra Riphah Beynəlxalq Universitetinin kansleri Hasan Muhammed Xan , Birləşmiş Ərəb Əmirliklərinin GulfUniversitetinin kansleri professor Hossam Hamdini, Tibb Təhsili üzrə Beynəlxalq Konfransın prezidenti professor Azhar Raşid çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, konfransda tibb təhsilinin bütün aspektlərini əhatə edən mövzuların müzakirəsi iştirakçılar üçün böyük imkanlar açmış olacaq.
Sonra tanınmış tədqiqatçı Fuad Axundov “Bakının neft və qeyri-neft salnaməsi” mövzusunda təqdimat keçirib. Açılış mərasimi Azərbaycan Respublikasının əməkdar artisti Səbinə Ərəblinin “Qarabağ” şikəstəsinin ifası ilə başa çatıb.
Açılış mərasimindən sonra konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirib. Simpoziumlardasimulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitivbacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi günümüzün aktual məsələləri müzakirə ediləcək. Oktyabrın 10-dək davam edəcək konfransda tibb təhsili sahəsində dünyanın tanınmış 30-dan çox ekspertinin ən aktual mövzularda məruzələri səsləndiriləcək, "Ekspertlər nə deyir?" sessiyalarında tibb təhsili və təliminə dair ən qabaqcıl və yeni yanaşmaları və təcrübələr təqdim olunacaq.
Qeyd edək ki, indiyədək ICME konfransı iki ildən bir olmaqla Abu Dabi, Mavrikiy, İstanbul və Ottava, İslamabadda keçirilib. Bundan öncə konfrans 2021-ci ildə İndoneziya İslam Universiteti ile birgə virtual formatda baş tutub.