VIII Tibb Təhsili üzrə Beynəlxalq Konfrans (İnternational Conference on Medical Education, ICME) oktyabrın 10-da öz işini “Fairmont Baku” hotelində davam etdirib. Xatırladaq ki, Azərbaycanda ilk dəfə keçirilən bu tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfrans son iş gününü hotelin Nizami Gəncəvi, Qara Qarayev, Fikrət Əmirov, Hüseyn Cavid, Üzeyir Hacıbəyov və İmadəddin Nəsimi adına zallarında təşkil olunan simpozium, şifahi təqdimat, poster təqdimatı, sessiya və seminarlarla başa vurub.
Tibb təhsilinin aktual problemlərinə həsr olunan konfransda “Kurikulum dizaynında yeniliklər”, “Tibb təhsilində qiymətləndirmə”, “Qlobal səhiyyə və tibb təhsili”, “Tibb təhsilində sağlamlıq və dayanıqlıq” mövzuları ətrafında maraqlı məruzələr dinlənilib.
Tanınmış xarici mütəxəssislərdən İsmail İbrahim Matalka, Hossam Hamdini, Mustahsen Rahman, Ulfat Başir Raja, Mahviş Aruj, Rehan Ahmed, Mona Hamoud Al Şeyx, Azhar Raşid, Jilda Çeişvili, Raul Baraç, Don Robinson, Nadim Akbar, yerli mütəxəssislərdən isə Nabil Seyidov, Rəhimə Qabulova, Rövşən Xəlilzadə, Şəfa İbadullayeva ADHTİ və başqaları aktual məsələlərə toxunublar.
Məruzəçilər, əsasən, texniki tərəqqinin müasir səviyyəsində təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasına, tibb təhsilinin təkmilləşdirilməsinə, dünyanın nüfuzlu ali tibb məktəbləri ilə mübadilələrin aparılmasına, onlayn təhsilin genişlənişləndirilməsi istiqamətində zəruri addımların atılmasına, davamlı tibbi təhsil sahəsində qlobal vahid akkreditasiya meyarlarının müəyyənləşdirilməsinə ehtiyac olduğunu vurğulayıblar.
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, eləcə də Nüşabə Pənahova, Afaq Axundovanın hazırladığı poster-təqdimatlar, Nilufər Məmmədova, Mədinə Hacıyeva, Elyanə Təhməzovanın şifahi təqdimatları da maraqla qarşılanıb.
"Ekspertlər nə deyir?" sessiyalarında isə tibb təhsili və təliminə dair ən müasir yeniliklər, təcrübələr təqdim olunub.
Günün sonunda VIII Tibb Təhsili üzrə Beynəlxalq Konfransın bağlanış mərasimi keçirilib.