Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qardaş Türkiyənin Yeditepe Universitetinin Tibb fakültəsinin dekanı, professor Sina Ercanı qəbul edib. İlk növbədə ölkəmizdə keçirilən beynəlxalq konfransa qatıldığı üçün qonağa təşəkkürünü bildirən rektor, Avropa Akkreditasiya Təşkilatı tərəfindən konfransın 24,5 balla akkreditə olunmasını təşkilatçıların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Professor G. Gəraybəyli əsas diqqəti Türkiyə universitetləri ilə olan əməkdaşlığın səviyyəsinə yönələdərək qeyd edib ki, 30-dan çox tibb fakültəsi ilə əlaqələrimiz var: “Bu əlaqələr təkcə sənəd üzərində deyil, praktiki fəaliyyətdə təsdiqini tapan qardaşlıq münasibətləridir. Dəfələrlə vurğulamışam ki, türkiyəli kolleqalarımız ən çətin məqamlarda hər zaman bizə dəstək olublar. COVID pandemiyası zamanı Ankara Universiteti, Qazi Universiteti bizimlə onlayn mühazırələr təşkil etmişdi. Universitetimizdə yeni ixtisaslar açılanda qarşılaşdığımız problemlərin həllində də təcrübəli mütəxəssislər öz köməklərini əsirgəmədilər. Hazırda da Tibb bacılığı ixtisası üzrə təhsil alan bir neçə tələbəmiz praktiki bacarıqlarını təkmilləşdirmək üçün Türkiyədədir”.
Bu müstəvidə istər müəllimlər, istərsə də tələbələr arasında olan görüşlərin vacibliyini söyləyən rektorun sözlərinə görə, indi daha çox elmi əlaqələrin möhkəmləndirilməsinə ehtiyac var: “Belə ki, universitetin mərkəzi laboratoriyasında islahatlar gedir. Biz onu elmi araşdırma mərkəzinə çevirməyi düşünürük. Əsas məqsəd beynəlxalq səviyyədə olan əlaqəni elmi sahəyə yönəltməkdir. İndiyədək kifayət qədər birgə elmi konfranslar, seminarlar keçirmişik. Bundan sonra birgə elmi məqalələrin yazılması, birgə tədqiqatların aparılması xüsusilə önəmlidir. Birgə tədqiqatların bir hissəsi Türkiyədə, bir hissəsi isə Azərbaycanda aparıla bilər”.
Professor Sina Ercan da öz növbəsində səmimi qəbul üçün ATU-nun rektoru, professor G. Gəraybəyliyə təşəkkürünü bildirərək, bu əlaqələrin Yeditepe Universiteti üçün də əhəmiyyətli olduğunu deyib.
Görüş zamanı ikili diplom və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda gələcək planlarla bağlı təkliflər səsləndirilib.
Görüşün sonunda Azərbaycan Tibb Universiteti ilə Yeditepe Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda iki universitet arasında tələbə-müəllim mübadiləsi, birgə layihələrin icrası, ikili diplom məsələsində əməkdaşlıq və digər önəmli məqamlar nəzərdə tutulub.