Bu həftə 4 gün davam edən 8-ci Beynəlxalq Piylənmə və Metabolik Xəstəliklər Cərrahiyyəsi və 3-cü Bariatrik və Metabolik Dietoloji Konqresinin təşkilat komitəsində ATU-nun I Cərrahi xəstəliklər kafedrasının dosenti, cərrah Taryel Ömərov da yer alıb.
Artıq neçə illərdir ki, beynəlxalq tədbirlərdə təşkilat komitəsinin tərkibində fəaliyyət göstərən T.Ömərovun konqresin elmi proqramının formalaşmasında da böyük rolu olub.
O, konqresdə bu cür beynəlxalq tədbirlərin əhəmiyyətindən danışaraq bariatrik-metabolik cərrahiyyə sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardıqlarını, Azərbaycanda bu sahənin daha çox inkişafına nail olmağa çalışdıqlarını vurğulayıb.
Ona göstərilən etimada görə başda TOSS-un fəxri prezidenti, professor Mustafa Taşkın olmaqla, həmkarları Halit Eren Taşkın, Cüneyt Kırkıl və Beynəlxalq Bariatrik Klubun rəhbəri, professor Haris Xocaya təşəkkürünü bildirən T.Ömərov, dərnəklərarası əlaqənin möhtəşəmliyini ifadə edən, üzərində həm Türkiyə Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin, həm də Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin loqosu əks olunmuş xatirə hədiyyəsini Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin adından TOSS-un fəxri prezidenti Mustafa Taşkına və İBC prezidenti Haris Xocaya təqdim edib.
Tanınmış cərrah konqres çərçivəsində təşkil olunan 53-cü Beynəlxalq Bariatrik Klub Simpoziumunda digər ekpertlərlə yanaşı, panel iclaslarında müxtəlif elmi müzakirələr aparıb.