Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin təşkilatçılığı ilə beynəlxalq konqres keçirilib
Oktyabrın 12-də Bakı Konqres Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin təşkilatçılığı Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konqres öz işinə başlayıb. Konqresi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, cəmiyyətin sədri, professor Çingiz Rəhimov açıb.
O, konqresə məruzə üçün təşrif gətirənlərin dünyanın tanınmış və təcrübəli mütəxəssisləri olduğunu bildirib: “Bu tədbir onları dinləmək, canlı münasibət qurmaq və onlardan faydalı məsləhətlər almaq üçün imkan yaradır. Qonaqlarımızın bəziləri ilk dəfədir Azərbaycana gəlib. Biz çalışdıq ki, konqresin keçirilməsi üçün ölkəmizin ən yaxşı məkanını seçək. Hazırda biz əfsanəvi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzində toplaşmışıq. Bu möhtəşəm tikili dünyanın memarlıq inciləri xəzinəsinə daxili edilib”.
Professor 3 gün ərzində müxtəlif istiqamətlərdə məruzələrin dinləniləcəyini bildirib: “Tədbirdə təkcə ağız və üz-çənə cərrahiyyəsi deyil, eyni zamanda baş-boyun, plastik rekonstruktiv cərrahiyyələr, stomatologiya, diş implantologiyası, onkoloji problemlər və s. müzakirə olunacaq”.
Belə bir konfransın Bakıda keçirilməsini yüksək qiymətləndirən professor Ç.Rəhimov bunu Azərbaycan ağız və üz-çənə cərrahlarının dünya səviyyəsində tanınması və ölkəmizin irimiqyaslı tədbirlər keçirmək təcrübəsinin olması ilə əlaqələndirib.
Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edib. Akademik son 20 ildə səhiyyənin uğurlu inkişafından, 750-dən çox tibb müəssisəsi inşa olunmasından və müasir avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilməsindən söhbət açıb. O, tibbi sığortanın tətbiqinə diqqəti çəkib: “Maliyyə tutumu böyük olan ağır cərrahi əməliyyatlar tibbi sığorta tərəfindən qarşılanır. Hazırda dövlətimizin qarşısında işğaldan azad olunmuş ərazilərdə səhiyyə müəssisələrinin bərpası dayanır. Şuşada çoxprofilli xəstəxananın inşası artıq başa çatmaq üzrədir. Digər yerlərdə də bu tipli səhiyyə müəssisələri inşa olunacaq”.
Səhiyyə nazirinin müavini, professor Nadir Zeynalov öz çıxışında tədbirin Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu bir dövrə təsadüf etdiyini, 2023-cü ilin ölkəmiz üçün çox əhəmiyyətli bir il olduğunu bildirib: “Bu ilin əhəmiyyəti odur ki, 30 ildən artıq davam edən Qarabağ münaqişəsinin ədalətli həlli təmin olunub. İşğaldan azad olunmuş ərazilərdə sülh, reinteqrasiya, əməkdaşlıqdan danışa bilərik. Hesab edirəm ki, bu bizim regionumuz üçün əhəmiyyətli olacaq, dayanıqlı və uğurlu inkişaf üçün zəmin yaradacaq”.
Konqresin əhəmiyyətini vurğulayan nazir müavini, qonaqlara Bakı və regionlarla yaxından tanış olmağı da tövsiyə edib.
Qeyd edək ki, 30 ölkədən 600-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirin açılış mərasimindən sonra zəngin konsert proqramı təqdim olunub.