Dünyada tanınmış latviyalı həkimlə ATU-da görüş olub

Oktyabrın 12-də Azərbaycan Tibb Universitetinin professoru Rafiq Təhməzovun təşəbbüsü  ilə ATU-nun qonağı olan Latviya  Universitetinin tibb elmləri doktoru, osteopat həkim Arturas Yaşinskas ilə görüş keçirilib.
Onu tədbir iştirakçılarına təqdim edən R.Təhməzov bildirib ki, bu görüş ATU ilə Latviya Universiteti arasında bağlanmış müqaviləyə əsasən keçirilir: “Hörmətli qonağımız dünyada osteopatiya sahəsində tanınmış alim olmaqla, həm də bu sahə üzrə Latviya Universitetində rezidentlərin rəhbəridir”.
Bundan sonra A.Yaşinskas universitetimizin professor-müəllimləri, eləcə də tələbə-rezidentləri üçün “Osteopatiyanın əsasları” mövzusunda məruzə ilə çıxış edib.  
Məruzəçi bildirib ki, osteopatiya ağrısız və dərmansız müalicə üsuludur. Bu diaqnostika üsulu özündə bir çox istiqamətləri, eyni zamanda manual terapiyanı birləşdirən geniş bir sahəni əhatə edir. Osteopat-həkim - orqanizmin fəaliyyətində bir-birinə təsirini ifadə edən əzələ fassiyaları, oynaq, sümük və daxili orqanlarda cüzi dəyişmələri hiss etmək və yalnız əllərinin toxunulması ilə uğurlu müalicə aparmaq imkanına malik mütəxəssisdir. Bu proses osteopat və pasiyent arasında dərin ahəngdarlıq şəraitində baş verir.

Məruzə ətrafında çıxış edən ATU-nun professorları Məhbubə Vəliyeva, Əhməd Kazımov, Hüseyn Abıyev və başqaları vurğulayıb ki, insanlar qədim zamanlardan bəri müxtəlif müalicə üsulları, o cümlədən otlar, dərman preparatları, həmçinin  türkəçarələrdən istifadə ediblər. Musiqinin müalicəvi təsiri isə insanlara lap əvvəllərdən məlumdur. Musiqi ilə müalicə metodu eramızdan əvvəl Çində tətbiq olunub. Hazırda musiqi terapiyasından dünyanın əksər ölkələrində istifadə edilir.

Görüşdə vurğulanıb ki, bu üsulla müalicə geniş yayılsa da, musiqi ilə diaqnostika üsulu az adama bəllidir. Bu metod ilk dəfə azərbaycanlı alim Rafiq Təhməzov tərəfindən öyrənilib. O, 1994-cü ildə Çində olarkən orada U-SİN nəzəriyyəsi ilə tanış olub və bu nəzəriyyə əsasında muğam diaqnostikası işləyib hazırlayıb. Belə ki, həmin metoda uyğun olaraq ayrı-ayrı səslərə, muğam hissələrinə qulaq asmaqla hansı orqanın xəstə olduğunu müəyyən etmək mümkündür.

Daha sonra tədbirdə iştirak edən əməkdar artist Elşən Mənsurov kamançada eksperiment olaraq "Bayatı-Şiraz", "Bayatı-Qacar", "Bayatı-türk", "Uşşaq" və "Çahargah" muğamlarını səsləndirib.

Bildirilib ki, diaqnoz qoyularkən xəstə həmin muğamları dinləyir, hansı xoşuna gəlirsə, ona əsasən xəstəliyini təyin etmək olur. Beləliklə, dünyada ilk dəfə U-SİN prinsiplərinə uyğun olaraq ayrı-ayrı orqanların notlara və muğam fraqmentlərinə maksimal həssaslığı öyrənilməklə ölkəmizdə yeni diaqnostik üsul - muğam diaqnostikası yaradılıb.
Diskussiya şəraitində keçən görüşdə bir daha ənənəvi təbabətin müsbət rolu qeyd olunub, pasiyentlər isə nəticədən razı qaldıqlarını dilə gətiriblər.