Oktyabrın 16-da Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrası və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə Türkiyənin Yeditepe və Sağlamlıq Elmləri universitetlərinin professoru, məşhur rekonstruktiv cərrah İbrahim Yıldırım ATU-nun Tədris Cərrahiyyə Klinikasında mühazirə oxuyub.
Oftalmologiya kafedrası əməkdaşlarının, tələbə və rezidentlərin iştirak etdiyi mühazirənin mövzusu “Baş, üz-çənə, burun, göz orbitanın patologiyaları, anadangəlmə qüsurlar, müxtəlif mənşəli törəmələr və travmalar zamanı cərrahi müalicənin əsasları və individual yanaşma” olub.
Məruzəçi diqqətə çatdırıb ki, göz qapaqlarının anadangəlmə patologiyalarında aparılan plastik əməliyyatlar, ətraf toxumalardan transplantasiya prinsipləri, daha uzaq toxumalardan köçürmələr, orbitanın rekonstruksiyası zamanı göz almasının olmadığı hallarda təklif olunan müxtəlif mərhələli cərrahi əməliyyatlar, göz qapaqları və göz ətrafında müxtəlif mənşəli bəd və xoşxassəli törəmələrdə onların cərrahi müalicəsi və yaranan toxuma yetməzliyinin bərpasının əsasları onun şəxsi praktikası ilə işıqlandırılıb.
Məruzədə göz qapaqlarından başqa, üzün alın və burun-dodaq hissəsində rast gəlinən anadangəlmə anomaliyalar, müxtəlif mənşəli şişlər, o cümlədən termik travmalar zamanı mərhələli cərrahi müalicənin prinsiplərinə də toxunulub. Ən maraqlısı isə uzaq nəticələrin (30 ilə qədər) nümayiş etdirilməsi olub.
Söhbət əsnasında professor İbrahim bəy özünün də Azərbaycan əsilli olması və professor Paşa Musayev (Qəlbinur), eləcə də assistent Namiq Xəlilovla uzun illərə dayanan yaxın dostluq əlaqələrindən və əməkdaşlığından söz açıb.
Qonağın çıxışından sonra mövzu ətrafında geniş müzakirələr olub. Rezidentura və magistratura şöbəsinin müdir müavini, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov qeyd edib ki, bu mövzu çox aktualdır və bu cür patologiyalara - anadangəlmə qüsurlara və travmalara uşaq cərrahiyyəsində tez-tez rast gəlinir. Moskvada çalışan tibb elmləri doktoru, tanınmış alim, oftalmoloq Sevinc Əkbərova mövzuyla bağlı fikirlərini bölüşərək, göz ətrafında yaranan müxtəlif mənşəli patologiyalar və onların cərrahi üsulla müalicə yollarından danışıb.
Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev mövzunun aktuallığını vurğulayaraq, professor İbrahım Yıldırıma və tədbir iştirakçılarına təşəkkür edib.
Diskussiya şəraitində keçən toplantının sonunda İ.Yıldırım çoxsaylı sualları cavablandırıb.