5-13 oktyabr tarixlərində VI Beynəlxalq Tibb Hüququ Konqresi keçirilib. ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının assistenti, əczaçılıq üzrə fəlsəfə doktoru Aynurə Hüseynova tədbirdə iştirak edib.
Onun “Azərbaycanda əczaçılıq sahəsinin hüquqi tənzimlənməsi” mövzusunda çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Konqres çərçivəsində “Tibb hüququ təhsili”, “Biotibb hüququ”, “Malpraktis”, “Tibb cəza hüququ”, “Vasitəçilik və barışıq”, “Əczaçılıq hüququ” və s. adlar altında panel iclasları təşkil olunub, çıxışlar dinlənilib. Konqresdə, həmçinin azərbaycanlı hüquqşünas, “İnjuria” hüquq jurnalının təsisçisi Kəmalə Məmmədova da iştirak edib. Təşkilatçılar tərəfindən növbəti konfransın Azərbaycanda keçirilməsinə dair təklif irəli sürülüb.
Dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın iştirakçının qatıldığı konqres maraqlı formatda, Avropa turu həyata keçirən kruiz gəmisində baş tutub.