Hematoloqlarımız Türkiyədə ölkəmizi təmsil edib

Oktyabrın 11-dən 14-dək Türkiyənin İstanbul şəhərində baş tutan XIV Avrasiya Hematoloji Konqresinə ölkəmizin aparıcı mütəxəssisləri də qatılıb. Tədbirdə Avropa və Asiyanin bir sıra ölkələrindən gəlmiş və dünyada tanınmış alimlərin məruzələri dinlənilib.

Ən aktual hematoloji mövzuları əhatə edən konqresdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin müdiri, I Daxili xəstəliklər kafedrasının əməkdaşı Şəhla Şabanova “Vərəmlə assosiasiya edilən Hockin limfoması” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə vərəmin endemik olduğu ölkələrdə Limfoproliferativ xəstəliklər üçün risk amili, müalicənin, eləcə də xəstəliyin gedişatında mənfi proqnostik faktorlar vurğulanıb. Əməkdaşımızın çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, tədbir beynəlxalq əhəmiyyətli olduğu üçün bütün məruzələr ingilis dilində səsləndirilib. Konqresin işində Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri Valeh Hüseynov, sədr müavini Xuraman Cəfərova və eləcə də birliyin fəal üzvləri iştirak ediblər.