Oktyabrın 18-də Azərbaycan Tibb Universitetində tələbələrin Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüşü olub.
Maarifləndirmə məqsədilə keçirilən tədbiri universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açaraq bu görüşün əlamətdar bir günə - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyini vurğulayıb. O, öncə tarixə ekskurs edərək ötən əsrdə 2 dəfə müstəqillik qazandığımızı, amma ikinci dəfə əldə etdiyimiz müstəqilliyin daha uzunömürlü olmasını xatırladıb və müstəqilliyimizin qorunmasında Ulu Öndərin müstəsna xidmətlərindən danışıb. Eyni zamanda Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsini, eləcə də son günlərdə baş verən hadisələri son 200 illik tariximizin ən şərəfli səhifəsi kimi dəyərləndirib.
Bundan sonra ölkə başçısının müvafiq fərmanı ilə Təhsil Tələbə Krediti Fondunun yaradılmasının əhəmiyyətindən söz açan prorektor bildirib ki, fond yaradılana qədər hətta çox istedadlı tələbələrimiz təhsil haqqını ödəməkdə çətinlik çəkirdi. Ancaq fond yaradılandan bəri problemin tədricən öz həllini tapdığını diqqətə çatdıran professor S. Əliyevin sözlərinə görə, universitetimizdə bu fonddan istifadə edənlər olsa da, yetərincə deyil. Prorektor onu da qeyd edib ki, Azərbaycan Tibb Universiteti 600-dən çox bal toplayan tələbələrin sayına görə ali məktəblər arasında birincidir: “Hər il 600-dən çox bal toplayan 350-400 tələbə universitetimizə qəbul olur ki, bu da çox yaxşı göstəricidir. Onlar əlaçı tələbələrdir. Prezident təqaüdçülərinin sayına görə də birinci yerdəyik. Kreditə ehtiyacı olan tələbələrimiz də var. İndiyədək standart təhsil tələbə krediti üzrə 342, sosial təhsil tələbə krediti üzrə isə 112 tələbəmiz yararlanıb. Düşünürəm ki, gələcəkdə kredit fondunun xidmətlərindən daha çox yararlanmaq mümkündür”.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfov fondun Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir qurum olduğunu söyləyib. Nizmnamə kapitalının 80 milyondan başlandığını, hazırda 100 milyondan çox olduğunu bildirərək, kreditlərin girovsuz, təminatsız, aşağı faizlə uzun müddətə verildiyini, həmçinin əlaçı tələbələrə 50 faiz bağışlama güzəştinin, möhlət dövrlərinin olduğunu deyib. Bundan əlavə, fonda müraciət qaydaları, kredit almaq üçün tələb olunan ümumu şərtlər və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, əsas məqsədimiz ölkədə təhsilin hamı üçün xüsusilə, də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığını təmin etməkdir.
Fondun sədr müavini həyata keçirilən layihələr haqqında da ətraflı məlumat verərək tələbələri onlar üçün yaradılan imkanlardan faydalanmağa çağırıb.
Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş üzrə aparıcı mütəxəssisi Ağca Məmmədova TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş təqdimatla çıxış edib. Ağca Məmmədova təhsil tələbə kreditinin növləri, müraciət qaydaları, kreditin verilməsi proseduru, təhsil tələbə krediti ilə bağlı digər məsələlərə də aydınlıq gətirib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Görüşdə ATU-nun Baş mühasibi İlqar Mehrabov və fakültə dekanlıqlarının təmsilçiləri iştirak ediblər.