Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) Nəsimi rayon sektoru və “Təbib” idman klubunun təşkilatçılığı ilə tələbələr arasında 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat turniri keçirilib.
Turnirdə 25 oğlan və 5 qız olmaqla, 30 şahmatçı tələbə iştirak edib. Bölmənin məşqçi-müəllimi, əməkdar məşqçi Kübra Bacaraninin hakimliyi ilə turnir qarışıq formada, Scheveningen sistemi üzrə təşkil edilib və 7 turdan ibarət olub. Tələbələr yarışa çox böyük həvəs və ruh yüksəkliyi ilə qatılıblar. Turnirin nəticələrinə görə, İsmayıl Daşdəmirov 1-ci, Elvin Cəfərli 2-ci, Murad Fətəlizadə 3-cü yerə layiq görülüblər. Qızlar arasında ən yüksək nəticəni Leyla Balayeva göstərib.
Turnirin bağlanış mərasimində BŞGİİ Nəsimi rayon sektorunun müdiri Yusif Babanlı və “Təbib” idman klubunun sədri Qələndər Aslanov müstəqilliyimizin bərpası tarixi və Zəfər günü barədə çıxış ediblər. Sonda qaliblərə diplom və medallar təqdim olunub.