Son illərdə Azərbaycan Tibb Universitetində bir sıra yeniliklər həyata keçirilib ki, bunlardan biri də ötən il Tibb və sağlamlıq elmləri təhsili kafedrasının yaradılması olub.
Universitetimizdə təhsil alan tələbələrin klinik bacarıqlara yiyələnməsinin vacibliyi nəzərə alınaraq, kafedrada 2022/2023-cü tədris ilindən etibarən Klinik bacarıqlar fənninin tədrisinə start verilib. Bu fənn Müalicə-profilaktika fakültəsinin I və II kurs, Hərbi tibb fakültəsinin I kurs tələbələrinə tədris olunur. Tədris proqramına klinik bacarıq olaraq dərman tətbiqləri, ampula və flakondan dərman hazırlanması, əzələdaxili, dəridaxili, dərialtı və venadaxili inyeksiyaların öyrədilməsi və s. daxil edilib. Bu bacarıqların tələbələrə öyrədilməsi üçün əyani vəsait olaraq ampula, flakon, inyektor, sistem flakonu və şlanqının olması zəruridir.
“Azerimed” firması Azərbaycan Tibb Universitetində təhsil alan, insanların sağlamlığının keşiyində duracaq gələcək həkimlərin yetişdirilməsinə öz töhfəsini verib. Belə ki, adıçəkilən firma Tibb və sağlamlıq elmləri təhsili kafedrasına təmənnasız olaraq 1800 ədəd ampula (0.9% Natrii xlor 10,0), 1800 ədəd flakon (Ceftriaxone 1.0), 20 ədəd sistem flakonu (Natrii xlor 0.9% - 200 ml) hədiyyə edib. Buna görə kafedranın akademik personalı “Azerimed” firmasının əməkdaşlarına öz təşəkkürünü bildirir.