Türkiyənin Ege Universitetinin prorektoru, professor Mehmet Ersan Azərbaycan Tibb Universitetinin qonağı olub. O, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.
Rektor universitetin fəaliyyəti, yeni təşkil edilən ixtisaslar və tətbiq olunan proqramlarla bağlı qonağa ətraflı məlumat verib. Həmçinin Ege Universiteti ilə əldə olunmuş razılaşmaya əsasən, tibb bacısı və fizioterapiya ixtisası üzrə ATU-da həyata keçiriləcək proqramlardan və ikili diplomların tanınmasından söhbət açıb: “Ege Universitetinin rəhbərliyi ilə danışıqlar aparmışdıq ki, tibb bacısı və fizioterapiya üzrə proqramların tətbiqinə və ikili diplomların həyata keçirilməsinə nail olaq. Biz yeni açılmış ixtisasların proqramlarını Türkiyədə tətbiq olunan proqramların əsasında yaratmışıq. Onlar dəyişə bilər, bu və ya digər ölkəyə adaptasiyası mümkündür. İstərdim ki, bu boşluğu aradan qaldıraq və yeni təşkil olunmuş ixtisasla bağlı ikili diploma nail olaq”.
Professor Mehmet Ersan artıq bu barədə lazımi sənədlərin hazırlandığını və texniki məsələlərlə bağlı işlərin aparıldığını diqqətə çatdırıb.
Görüşdə universitetlər arasında tələbə-müəllim mübadiləsi və birgə elmi-tədqiqat işlərinin aparılması ilə bağlı məsələlər də müzakirə olunub.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edib.
Daha sonra professor Mehmet Ersan İnsan anatomiyası və tibbi terminologiya kafedrasında və Elektron Mikroskopiya Laboratoriyasında olub, mövcud şəraitlə yaxından maraqlanıb.