ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayevin əmri ilə klinikada ağırlaşma və ölüm hallarının araşdırılması, göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə mütəxəssislərdən ibarət daimi komissiyanın iclası keçirilib.
Komissiyanın əsas vəzifəsi arzuolunmaz nəticələr ortaya çıxdıqda, aparılmış müalicənin düzgünlüyünü yoxlamaq, obyektivliyi və şəffaflığı qorumaq, eyni zamanda ölüm faktlarının qeydiyyatı zamanı neqativ halların qarşısını almaqdır.
Komissiyanın növbəti iclasında Neonatal intensiv terapiya şöbəsinin bu ilin mart-oktyabr aylarındakı fəaliyyəti müzakirə edilib. Şöbənin müdiri Sərxan Elbəyiyev göstərilən müddətdə xəstə sayı, ən çox rast gəlinən patologiyalar, ağırlaşmalara və ölümə gətirib çıxaran səbəblər haqqında məlumat verib, xəstəlik tarixçələrini diqqətə çatdırıb.
Qeyd edək ki, komissiyanın sədri Anesteziologiya və reanimatologiya kafedrasının dosenti İsrail Məhərrəmbəyli, üzvləri isə Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, Cərrahiyyə əməliyyat blokunun müdiri Namaz İbrahimov, Neonatal intensiv terapiya şöbəsinin müdiri Sərxan Elbəyiyev, II Mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov, klinikanın hüquqşünası Rəna Musayeva və Kardiologiya şöbəsinin həkim-kardioloqu Sara Bayramzadədir.