Rusiyanın Perm Dövlət Tibb Universitetinin (PDTU) Stomatologiya fakültəsinin V kurs tələbəsi Rəşad Vəliyev bu ilin yayında ATU-nun Tədris Stomatoloji Klinikasında təcrübə keçib. Bakı şəhərində yay tacrübəsi keçməsindən olduqca məmnun qalan Rəşad bu barədə PDTU-nun mətbu orqanı olan “Medik Urala” (“Uralın tibb işçisi”) qəzetində məqalə dərc etdirib.
O, təhsil aldığı universitetin beynəlxalq şöbəsində olarkən Bakıda təcrübə keçə biləcəyini öyrəndiyini və dərhal razılaşdığını yazır: “Dörd ildir ki, Azərbaycanda olmamışdım. Əvvəlcə pandemiyaya, sonra isə digər çətinliklərə görə. Bu fürsət mənə hədiyyə olundu. Azərbaycanın möhtəşəm bir klinikasında təcrübə keçdim. Burada ən mütərəqqi texnologiyalar tətbiq edilir. Belə ki, işçilər də binaya “barmaq izi” girişi ilə buraxılır, xəstələrə xüsusi kuponlar verilir. Demək olar ki, bütün avadanlıqlar xaricdən, əsasən də Avropadan gətirilib”.
Proqrama uyğun olaraq iki həftə terapevtik stomatologiya, iki həftə isə ortopedik stomatologiya üzrə təcrübə keçdiyini yazan R.Vəliyev qeyd edib ki, klinikada çalışmaq çox maraqlı idi: “Elə bu səbəbdən hər gün iki növbəyə qalırdım. Bu müddətdə vaxtın necə keçdiyini hiss etmədim. Stomatoloji şöbədə mənə xüsusi diqqət və qayğı göstərdilər. Ağız boşluğunun peşəkar təmizlənməsini, dərin olmayan kariyesin müalicəsini də mənə etibar edirdilər. Hətta diş implantasiyasında da iştirak etmişəm. Təbii ki, xəstənin razılığını almaq lazım gəlirdi. Adətən imtina etmirdilər. Bütün işçilər mənimlə çox mehriban davranırdılar. Hər şey ətraflı, təfərrüatlı şəkildə izah edilir, bütün suallarıma dolğun cavab verilirdi”.
Təəssürat yazısında Azərbaycan Tibb Universiteti ilə Perm Dövlət Tibb Universiteti arasında əməkdaşlıq memorandumu imzalandığını da xatırladan müəllif, təcrübənin sonunda testlə imtahan verdiyini, terapevtik və ortopedik təcrübəsinin komissiya tərəfindən “əla” qiymətləndirildiyini, təhsilini bitirdikdən sonra işləmək təklifi aldığını da diqqətə çatdırıb.
R.Vəliyev həftə sonları paytaxt Bakının görməli yerlərinə, o cümlədən Azərbaycanın regionlarına maraqlı səfər təəssüratlarını da oxucularla bölüşüb. Eyni zamanda ona Bakıda təcrübə keçmək imkanı yaradan hər iki universitetin rəhbərliyinə, beynəlxalq əlaqələr şöbəsinə, eləcə də müvafiq dekanlıqlara və kafedralara təşəkkürünü bildirib.