ATU-nun pulmonoloqu, professor Əlizamin Sadıqov dünya miqyaslı ABŞ Döş Qəfəsi Həkimləri təşkilatının (The American College of Chest Physicians - CHEST) beynəlxalq konqresində çıxış edib. Oktyabrın 8-11 -də ABŞ-ın Havay ştatının Honolulu şəhərində keçirilən illik toplantının işinə bir çox ölkələrin aparıcı mütəxəssisləri qatılıblar.
Dünyanın 20-dən çox ölkəsindən ekspertləri bir araya gətirən CHEST-in təşkilatçılığı ilə baş tutan yığıncaqda pulmonologiya ilə yanaşı, tibbin digər sahələrinə aid yeniliklər, elmi nailiyyətlər müzakirə edilib. İştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, fərqli qurumlar və tibb-elmi müəssisələr arasında yeni əməkdaşlıqlar qurulub.
ABŞ Döş Qəfəsi Həkimləri təşkilatının eksperti, professor Ə.Sadıqov konqresdə çıxış edərək bəzi ağciyər xəstəliklərinin müalicə metodları, döş qəfəsi infeksiyaları, intensiv terapiya üsulları və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. Azərbaycanlı həkimin məruzələri auditoriya tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirdə dinlənilən məruzələr nüfuzlu CHEST jurnalında çap olunub. CHEST - ABŞ Döş Qəfəsi Həkimləri təşkilatının innovativ pulmonologiya və döş qəfəsi xəstəliklərinin müalicəsində aparıcı rol oynayan peşəkarları birləşdirir. Bu qurum təhsil, təbliğat, tədqiqat və xeyriyyəçilik vasitəsilə ağciyər xəstələrinin sağlamlığı uğrunda fəaliyyət göstərir.