Azərbaycan Tibb Universitetində (ATU) ingilis dilində dərs deyən və gələcəkdə bu dildə tədris aparacağı planlaşdırılan müəllimlərin dil biliklərinin yoxlanması üçün imtahan keçirilib. Məqsəd ATU-da ingilis dilində təhsil alan əcnəbi tələbələr üçün tədrisin keyfiyyətinin daha da artırılması, həmçinin müəllimlərin və kafedralara yeni qəbul olunan gənc əməkdaşların özünü inkişafına dəstək olmaqdır.
İki hissədən ibarət imtahanda müəllimlərin həm yazılı, həm də şifahi ingilis dili bilikləri yoxlanılıb. Sınaq prosesi tender nəticəsində qalib olmuş şirkətin ekspertləri tərəfindən aparılıb. İmtahan nəticələrinə əsasən, müəllimlərin müəyyən qrupu üçün universitet tərəfindən ingilis dili kursları təşkil olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycan Tibb Universitetində 55 ölkədən 2900-a yaxın əcnəbi vətəndaş təhsil alır. Onların 45 faizi ingilis dilində təhsil alırlar. Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının qərarına əsasən, hər 3 ildən bir ATU-da ingilis dilində tədris aparan müəllimlərin ingilis dili biliklərinin monitorinqi aparılır. Bundan əlavə, 2024-2025-ci tədris ilindən etibarən ingilis dilində dərs keçmək haqqı əldə edən müəllimlərin əmək haqlarının differensiallaşdırılması planlaşdırılır.