ATU-nun Yoluxucu xəstəliklər kafedrasının əməkdaşları Vüqar Cavadzadə, Gülnarə İbrahimova və Sulduz Əhmədova oktyabrın 19-20-də Özbəkistanın Buxara şəhərində yerləşən İbn Sina Tibb Universitetinin təşkil etdiyi "İnfeksion xəstəliklər və antimikrob vasitələr" adlı beynəlxalq konfransda iştirak ediblər.
Konfransın açılışında dosent Gülnarə İbrahimova Azərbaycan nümayəndə heyəti adından çıxış edib. Dosent Vüqar Cavadzadə isə panel iclasında "Virus hepatitli xəstələrdə bağırsaq parazitozlarının rastgəlmə tezliyi və müalicəsi" mövzusunda məruzə oxuyub. Onun aktual mövzuda çıxışı iştirakçıların marağına səbəb olub.
V.Cavadzadə məruzəsində Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsaslanaraq qeyd edib ki, hər il dünyada 1,4 milyon insan A hepatit, 1,5 milyon insan B hepatit, 1 milyondan artıq insan isə C hepatit virusuna yoluxur. Əməkdaşımız, həmçinin B, C və B+D virus hepatitli xəstələrdə bağırsaq parazitozlarına (askarida, enterobius, trixosefal, trixinella, blantidia və ləmblia) rast gəlindiyini, onların virus hepatitlərinin gedişini çətinləşdirdiyini və ağırlaşma riskini artırdığını bildirib.
İki günlük konfransın işində Türkiyə, ABŞ, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Tacikistan və digər ölkələrin aparıcı mütəxəssisləri iştirak ediblər. Onlar müasir dünyada qlobal problemlərdən birinə çevrilmiş infeksion xəstəlikləri müzakirə edib, geniş fikir mübadiləsi aparıblar.