Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Batman Universiteti arasında anlaşma sazişi imzalanıb. Beynəlxalq tələbə mübadiləsi proqramlarını inkişaf etdirmək məqsədi daşıyan bu razılaşma ATU rektoru, professor Gəray Gəraybəyli ilə Batman Universitetinin rektoru professor İdris Demirin görüşü zamanı əldə olunub.
Görüş zamanı ATU rektoru, professor Gəray Gəraybəyli Erasmus Proqramı çərçivəsində imzalanın bu müqavilənin tələbələri beynəlxalq təcrübə qazanmağa həvəsləndirmək, onlara yeni fürsətlər qazandırmaq məqsədi daşıdığını bildirib. Rektor anlaşma sayəsində iki universitet arasında təkcə tələbə mübadiləsi deyil, yeni ixtisasların təkmilləşdirilməsi yönümündə işlər aparıla biləcəyini, birgə elmi tədqiqatların icra oluna biləcəyini istisna etməyib.
Batman Universitetinin rektoru professor İdris Demir bu müqavilənin tələbələrə mədəni müxtəliflik, fərqli təhsil imkanları və beynəlxalq şəbəkələrə qoşulmaq şansı yaradacağını vurğulayıb. O, bu cür əməkdaşlığın universitetlər arasında əlaqələrin möhkəmlənməsinə, elmi araşdırmalara töhfə verəcəyini də bildirib.