Gələcək stomatoloqlar üçün seminar keçirilib

Rezidentura və magistratura şöbəsi ATU-nun Tədris Stomatoloji Klinikası ilə birgə rezidentlər və yuxarı kurs tələbələri üçün xüsusi tibbi və praktik əhəmiyyətli problemlərə həsr olunmuş seminar təşkil edib.

Tədbirə moderatorluq edən şöbə müdirinin müavini, assistent Namiq Xəlilov iştirakçıları salamlayaraq, bu mühazirələri rezidentlərin həyatında bir yenilik adlandırıb və gələcəkdə planlaşdırılan bu kimi tədbirlərin rəhbərlik tərəfindən də dəstəkləndiyini qeyd edib: “Bu gün seminarın gündəliyinə Terapevtik stomatologiya kafedrasının professoru Ramiz Əhmədbəylinin “Funksional və estetik reabilitasiyanın optimal interdistiplinar planlanması” adlı məruzəsi daxil edilib. Bildiyiniz kimi, Ramiz müəllim Estetik Stomatologiya Assosiasiyasının ölkəmizdə yaradıcısı və rəhbəridir. O bu sahədə bir çox elmi məqalənin müəllifidir. Düşünürəm ki, onun müzakirəyə çıxardığı mövzu maraqla qarşılanacaq”.

Professor R.Əhmədbəyli öz məruzəsində stomatologiyanın aktual problemlərindən bir neçəsinin bir arada olması, klinik situasiyalarda düzgün planlama, müasir müalicə metodlarının komanda halında tətbiqi yolları və onların ardıcıllığı, rəqəmsal texnologiyalar və innovativ metodlardan səmərəli istifadədən geniş bəhs edib.

 

Nədən bu mövzunu seçməsinə də aydınlıq gətirən professor bildirib ki, ilk dəfə bu haqda bir neçə il öncə xarici universitetlərin birində eşidib: “Bu mövzunun mənası, fəlsəfəsi nədir”, “Bizim gündəlik çalışmamız üçün faydası nə olacaq” kimi suallara hər zaman cavab axtarmışdım və o gündən bu günə qədər bu fəlsəfəni özümə örnək götürmüşəm. Bu fəlsəfəni anlamaq bizə imkan verir ki, səhvlərimizi minimuma endirək. Xəstə bizə müraciət edəndə, planlama əsasında birinci gündən sonadək estetik və funksional reabilitasiyanı bitirməliyik. Professional komanda şəklində çalışmalı, ardıcıl diskussiyalar aparmalı və rastlaşdığımız fəsadları fərqli texnologiyalar vasitəsilə aradan qaldırmağa nail olmalıyıq”.

Tədbirdə iştirak edən Stomatoloji Klinikanın direktoru, t.ü.f.d. Mahir Səfərov, Terapevtik stomatologiya kafedrasının müdiri, dosent Vaqif Həsənov və kafedrada rezidentlər üzrə cavabdeh şəxs, dosent Səlimə Məmmədova artıq bir ənənəyə çevrilən bu seminarların rezident

və gənc həkimlər üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb və onların baş tutmasında verdikləri dəstəyə görə universitetin və klinikaların rəhbərliklərinə təşəkkür ediblər.

 

Diskussiya şəraitində keçən tədbirdə sualları cavablandıran professor R.Əhmədbəyli məruzəsinin maraqla qarşılanmasından məmnunluğunu çatdırıb və qeyd edib ki, tələbələr təcrübəli müəllimlərin özündə müasirliyi əks etdirən məruzələrini dinləməklə çox şey öyrənə bilərlər.