Kocaeli Universitetinin rektoru, Süd vəzi Cərrahları Cəmiyyətinin sədri, SENATÜRK-ün vitse-prezidenti, cərrah onkoloq, professor Nuh Zafer Canturkün başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. ATU-nun rektoru professor Gəray Gəraybəyli ilə görüşdə iki universitet arasında qarşılıqlı fəaliyyət, əməkdaşlığın mümkün perspektivləri haqqında müzakirə aparılıb.
Rektor professor G.Gəraybəyli qonaqlara rəhbəri olduğu təhsil müəssisəsi haqda məlumat verərək universitetin fakültələri, mövcud ixtisaslar, tələblərin həm tədrisi həm də praktikası üçün yaradılan şərait haqqında danışıb. Hazırda ATU-nun 6 fakültəsində 7 mindən çox tələbənin təhsil aldığını, onların da 2 mindən çoxunun əcnəbilər olduğunu bildirib. ATU-nun rektoru G.Gəraybəyli əcnəbi tələbə sayına görə rəhbərlik etdiyi universitetin respublikada birinci yerdə olduğunu da qeyd edib.
Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris Onkoloji Klinikanın baş həkimi, dosent Nigar Mehdiyeva, onkologiya kafedrasının assistenti Həqiqət Vəliyeva iştirak edirdilər.
Qeyd edək ki, Türkiyədən gələn nümayəndə heyətinin üzvləri Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, ATU-nun Onkoloji Klinikası və Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının birgə təşkilatçılığı ilə şəhərimizdə keçirilən II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində iştirak ediblər.