Oktyabrın 28-də Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində “Təbib” idman klubunun təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında açıq şahmat turniri keçirilib.
Turnirdə ATU komandası ilə yanaşı, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Şah GAMBİTİ Şahmat Klubu və “Davam” Gənclər Hərəkatının 43 tələbəsi öz gücünü sınayıb.
Yarışlar şahmat bölməsinin məşqçi-müəllimi, əməkdar məşqçi Kübra Bacaraninin hakimliyi ilə qarışıq formada, İsveçrə sistemi üzrə FİDE qaydalarına əsasən təşkil edilib və 7 turdan ibarət olub. Gərgin mübarizədə ən çox xal toplayan İlyas Qarayev (BMU) I, Qulam Məmmədov (UNEC) II, Fərid Məlikov (ATU) III yerin sahibi olublar. Yasəmən Məmmədova (ADU) turnirin “ən yaxşı qadın iştirakçısı” seçilib.
Yarışların mükafatlandırma mərasimində ATU-nun Xarici tələbələrlə iş üzrə dekanı Natiq Bayramov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov, Nəsimi rayon gənclər və idman sektorunun baş məsləhətçisi Surac Axundov və digər universitetlərin nümayəndələri çıxış edərək, ATU-da keçirilən ciddi və obyektiv yarışların tələbələr üçün əhəmiyyətli olduğunu bildiriblər. Bağlanış mərasiminin sonunda “Təbib” idman klubunun sədri Qələndər Aslanov qarşıdan gələn Zəfər Günü münasibətilə iştirakçıları və qonaqları təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda iştirakçı komandalara təşəkkürnamələr və kitab hədiyyəsi, turnirin qaliblərinə isə Bakı Şəhər Gənclər və İdman İdarəsi adından medal, diplom və kuboklar təqdim olunub.