Oktyabrın 7-dən başlayaraq Tədris İdman Kompleksində ATU-nun əcnəbi tələbələri arasında futzal yarışları keçirilib. 4 həftə davam edən yarışların final mərhələsi 28 oktyabrda yekunlaşıb.
Yarışların bağlanış mərasimində çıxış edən ATU-nun Əcnəbi təhsilalanlarla iş üzrə dekan Natiq Bayramov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov və Nəsimi rayon gənclər və idman sektorunun baş məsləhətçisi Surac Axundov bu turnirin əcnəbi tələbələr üçün ilk dəfə ayrıca keçirilməsinə, onlara göstərilən diqqət və qayğıya görə ATU-nun rəhbərliyinə və “Təbib” idman klubunun sədrinə təşəkkürlərini bildirib, tələbələrə uğurlar arzulayıblar. Qeyd edək ki, tədbirə təşkilatı dəstək olaraq, Təbib idman klubu və Tələbə Həmkarlar Ittifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən, xarici tələbələrin səsi klubudur.
Klubun sədri, əməkdar məşqçi Qələndər Aslanov əcnəbi tələbələr üçün təşkil olunan belə yarışların digər idman növləri üzrə də davam etdiriləcəyini söyləyib. Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsinin medal, diplom və kuboklarına layiq görülüblər.