“8 Noyabr - Zəfər Günü ilə əlaqədar ölkənin Baş naziri Əli Əsədovun imzaladığı qərarla 4 noyabr iş günü hesab olunub. Belə ki, həftənin şənbə günü olmasına baxmayaraq, əməkdaşlar həmin gün işə çıxacaq və həftənin 5 günün dərslərini tədris edəcəklər”. Bunu ATU-nun Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov universitetin tədris işləri üzrə dekan müavinləri ilə keçirdiyi görüşdə bildirib.
O, həmçinin müavinlərin nəzərinə çatdırıb ki, payız semestrinin kollokviumları 4 noyabrdan başlayaraq imtahan mərkəzində aparılacaq: “Ötən il Böyük Elmi Şuranın qəbul etdiyi qərara əsasən, I və II kurs tələbələrinin davamiyyət balı yoxdur. Onlar 40 bal kollokvium, 10 bal sərbəst işlərdən alacaqlar. Digər kurslarda 10 bal davamiyyət, 10 bal sərbəst işlərdən, 30 bal isə kollokviumdan hesablanacaq. Ona görə də kollokviuma düşəcək mövzuların həmin tarixə qədər tədris olunması nəzərdə tutulur. Əks halda, apellyasiyalar və haqlı şikayətlərin sayının artması müşahidə olunur.
Digər məsələyə gəldikdə, sentyabrın ilk günündə əməkdaşlarımızla görüşümüz zamanı bildirmişik ki, universitetin əsas diqqət mərkəzində saxladığı istiqamət tədrisin keyfiyyətinin artırılmasıdır. Yəni müəllimlərin vaxtında auditoriyalara daxil olması, istər mühazirə, istərsə də praktika dərslərində kənar mövzulara yol verilməməsi və tədrisin daim innovativ, müasir formada aparılması tələb olunub. Artıq payız semestrinin yeddinci həftəsinə başlamaq ərəfəsində olduğumuz nəzərə alınaraq, əməkdaşların diqqətinə o məqam da çatdırılıb ki, növbəti tədris ilində müasir standartlar əsas götürülməklə və tədris proqramına uyğun olaraq tədris vəsaitlərinin hazırlanmasına xüsusi diqqət yetirilsin”.