Azərbaycan Tibb Universitetində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalları ilə görüş keçirilib. Görüşdə çıxış edən ATU-nun Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, ölkəmizdə hakim partiyanın fəaliyyəti danılmazdır.
Xalqımız bu partiya ətrafında birləşib və bütün məsələlərdə ölkə rəhbərini dəstəkləyir: “Ona görə ki, cənab Ali Baş Komandanın fəaliyyəti, xüsusilə son addımları olduqca təqdirəlayiqdir. Azərbaycan xalqı son 20 ildə böyük nailiyyətlər əldə edib. Biz böyük bir dövr ərzində imperiya daxilində olmuşuq, həmişə ərazilərimizi itirmişik. Ancaq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında xalqımız son 200 ildə görünməmiş qələbə qazanıb”.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov dünyada gedən prosesləri xatırladaraq, ölkəmizdəki sabitliyi vurğulayıb: “Cənab prezidentimizin də bildirdiyi kimi, müharibə bitsə də, informasiya müharibəsi davam edir. Biz Vətən müharibəsi günlərində Prezidentin müsahibələr verməsini, bütün dünyaya vəziyyəti olduğu kimi çatdırmasını görürdük. Bu baxımdan, həm Azərbaycan vətəndaşı, həm də Yeni Azərbaycan Partiyasınin üzvləri kimi bu gün də hər birimizin üzərində öhdəliklər var”.
Görüşün sonunda partiyaya yeni qəbul olunmuş üzvlərə YAP-ın vəsiqəsi təqdim edilib.