Azərbaycan Tibb Universitetinin 30-dan çox əməkdaşına “İnstitusional akkreditasiya meyarları üzrə” mövzusundakı təlimdə iştirakla bağlı sertifikatlar təqdim olunub.
Təqdimat mərasimində çıxış edən ATU-nun Tədris işləri üzər prorektoru, professor Sabir Əliyev akkreditasiya meyarlarının metodologiyası ilə tanışlıq məqsədilə bu təlimlərin böyük əhəmiyyət daşıdığını bildirib. Məhz bu təlimlərin səviyyəsi universitet əməkdaşlarının ali təhsil pilləsi üzrə institusional akkreditasiya meyarları vasitəsi ilə özünütəhlil qiymətləndirilməsini yüksək səviyyədə həyata keçirdiyini qeyd edib.
Proses zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları tərəfindən yüksək səviyyəli təkim keçirildiyini qeyd edən professor S.Əliyev Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyinin nəzdində olan bu agentliyin fəaliyyətinin bütün ali məktəblər üçün önəm daşıdığını vurğulayıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı, sədr müavini Kamran Rəsulov qurum haqqında toplantı iştirakçılarına məlumat verib. Agentliyin Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsini apardığını bildirib. İndiyədək Agentlik tərəfindən 13 ali təhsil müəssisəsinin institusional akkreditasiyadan keçirildiyini, son 3 il ərzində 1000-dən çox ali təhsil müəssisələrinin nümayəndələrinin təlimlərdə iştirak etdiyini bildirib.
ATU-nun Təlim və metodologiya şöbəsinin müdiri Simnar Məmmədov təlim mövzusunun universitet əməkdaşları üçün çox aktual olduğunu, akkreditasiyanın müxtəlif mərhələlərindən uğurla keçmək üçün hər kəsə yardımçı olduğunu qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl ATU əməkdaşları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “İnstitusional akkreditasiya meyarları üzrə” təlim mövzusundakı təlimdə iştirak ediblər.
ATU-nun İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə akkreditasiya meyarlarının metodologiyası ilə tanışlıq baş tutub.