Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı arasında görüş keçirilib.
Rektor, professor Gəray Gəraybəyli cənab səfirə iki ölkə arasında olan qardaşlıq münasibətlərindən bəhs edərək 44 günlük Vətən Müharibəsi dövründə Türkiyənin bizə olan qardaşlıq münasibətini yüksək qiymətləndirildiyini bildirib. Rektor G.Gəraybəyli həmçinin son illərdə ATU ilə Türkiyənin müxtəlif ali məktəbləri arasında imzalanmış memorandumlar, əməkdaşlıq sazişləri və qarşılıqlı işlər, ikili diplom layihələri və digər ortaq layihələrdən bəhs edib.
Azərbaycanda Türkiyə vətəndaşlarının ən çox təhsil aldığı universitetin ATU olduğunu vurğulayan rektor professor Gəray Gəraybəyli ikili diplomların tətbiqi ilə bağlı atılan addımlardan da danışıb.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ATU ilə Türkiyə universitetləri arasında qurulmuş əməkdaşlıqlardan məmnun qaldığını və bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsini arzu etdiyini bildirib. Cənab səfir iki ölkənin ali məktəbləri arasında elm və təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edərək gələcəkdə bu sahədə əməkdaşlıqların qurulmasında səfirliyin dəstək olacağını bildirib.
Görüş zamanı ATU və Türkiyənin universitetləri arasında münasibətlərin intensivləşməsi, ölkələr arasında tələbə və müəllim mübadiləsi, müştərək elmi tədqiqatların aparılması və s. sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə Təhsil müşaviri Yurdagül Aydoğan, Birinci katib Öncü Güneş, ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor Orxan İsayev iştirak edirdilər.