Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasında 8 Noyabr - Zəfər Günü münasibəti ilə tədbir keçirilib. Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kafedra müdiri, professor Arif Məmmədov Zəfər Günü ilə bağlı kafedra əməkdaşlarını təbrik edib. O, 30 ilə yaxın işğal altında qalmış ərazilərimizin azad olunması, düşmən üzərində tam qələbənin əldə edilməsi istiqamətində Ali Baş Komandanın apardığı ardıcıl və məqsədyönlü siyasətdən, Müzəffər Ordumuzun mətinliyindən və qələbəmizin əhəmiyyətindən söhbət açıb. Bildirib ki, bu yolda xalqımız çoxlu şəhidlər verib, minlərlə qazimiz var.
Proferssor A.Məmmədov, həmçinin universitetin əməkdaş və məzunlarının 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət və qəhrəmanlıqları da xatırladıb, ağxalatlıların Vətən qarşısında borclarını şərəflə yerinə yetirdiklərini qeyd edib.
Universitetin müəllimi, şair Mehri Seyidbəyli çıxışında ürək sözlərini səsləndirib, həkimlərə həsr etdiyi şeirini səsləndirib. O, şəhid həkimlərimzin xidmətinin heç zaman unudulmayacağını, onların xatirələrinin xalqmız tərəfindən hər zaman yad ediləcəyini bildirib.
Kafedranın dosentləri Zemfira Baxşıyeva, Rəşid Mahmudov da son 200 ildəki ən böyük qələbəmizə və bayram paradının Xankəndidə keçiriləcəyinə görə sevinclərini dilə gətirib, ölkə başçısına və ordumuza sonsuz etibar və inamlarını ifadə ediblər.
Dosent Z.Baxşıyeva yeni nəşr olunmuş və nəşrə hazırlanan dərslik, dərs vəsaitləri ilə bağlı da tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda Zəfər Bayramından bəhs edən sənədli film nümayiş olunub. Filmdə 44 günlük müharibə zamanı ordumuzun göstərdiyi qəhrəmalıqlardan ayrı-ayrı fraqmentlər, həkimlərimzin fəaliyyəti, ölkə başçısının çıxışları öz əksini tapıb.