Azərbaycan Pediatrlar Assosiasiyası mütəmadi olaraq uşaqlarla bağlı səhiyyə-sağlamlıq perspektivlərinin müəyyənləşdirilməsi, ana və uşaqların sağlamlığına, rifahına qayğı siyasəti, məktəbli uşaq və yeniyetmələr arasında reproduktiv sağlamlıqla bağlı maarifləndirmə təlimlərinin təşkilinə xüsusi diqqət yetirir.
Bu məqsədlə Assosiasiya “XXI əsrdə valideyn-uşaq münasibətləri. Milli-mənəvi və ailə dəyərlərinə əsaslanmış tərbiyə prosesi” mövzusunda təlim kursu keçirib. Təlim, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Poroblemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “Ümidli Gələcək” STİB-in birgə təşkilatçılığı ilə baş tutub.
Təlimin ilk günü Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə açılış nitqində valideyn və uşaq münasibətləri fonunda yeni nəslin fiziki və əqli sağlamlığının qorunması baxımından kursun əhəmiyyətindən dasnışıb, zəruri tövsiyələr verib.
Təlimdə ekspertlər müasir dünyada ailənin vəzifələri və məqsədləri, uşaqları tərbiyə üsulları, erkən uşaqlıq dövründə inkişafa dəstək, reproduktiv sağlamlıq və cinsi tərbiyə, uşaqlarla uğurlu ünsiyyətin prinsipləri, şagird şəxsiyyətinin formalaşdırılmasına məktəb-ailə münasibətlərinin təsiri və digər mövzularda təqdimatlar ediblər.
Noyabrın 1-də başa çatan üç günlük təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.