Vətən müharibəsində qələbəmizin 3-cü ildönümünə həsr olunmuş Tələbə Elmi Konfransı keçirilib
Noyabrın 6-da ATU-nun İctimai fənlər kafedrasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Vətən müharibəsində qələbəmizin 3-cü ildönümünə və suverenliyimizin bərpasına həsr olunmuş Tələbə Elmi Konfransı keçirilib.
Əvvəlcə Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi anılıb.
Kafedranın müdiri, professor Qoşqar Əliyev giriş nitqində bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqil və sabit inkişaf edən Azərbaycan dövlətini yaratmaqla yanaşı, xalqımız qarşısında daha bir əvəzsiz xidmət göstərərək milli dövlətçilik məktəbi formalaşdırıb və ölkəmizin gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları dünya hərb sənətinə yeniliklər gətirib: “Mülki əhaliyə ziyan vurmadan aparılan hərbi əməliyyatlar barədə hələ uzun müddət danışılacaq, böyük epopeyalar, filmlər, əsərlər yaranacaq. Azərbaycan Ordusunun sonuncu dəfə bu il sentyabrın 19 və 20-də 23 saat 51 dəqiqə ərzində həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda separatçılığın kökü birdəfəlik kəsilib. Bununla da Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənd şəhərləri separatçılardan təmizlənib və Azərbaycan dövləti bütün ərazilərində öz suverenliyini tam bərpa edib. Azərbaycan xalqı üç ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin qanı ilə qazandığı tarixi Zəfərin qürurunu yaşayır. Bu gün uzun illər erməni işğalı altında olmuş doğma yerlərimizdə üçrəngli bayrağımız dalğalanır. İndi qürurla deyə bilirik ki, Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qəhrəman xalq olduğunu bütün dünyaya sübut edib. Bununla da Cənubi Qafqazda əmin-amanlıq üçün zəmin yaranıb və qazanılan tarixi Zəfərlə ədalət bərpa olunub”.
Konfransda çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov və Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli 2020-ci ilin 8 noyabrında milli qürurumuzun rəmzi olan mədəniyyət paytaxtımız Şuşanın azad olunması ilə Zəfər yürüşümüzün öz zirvəsinə çatdığını vurğulayıblar. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun hərbi əməlliyyatı nəticəsində 30 il düşmən əsarətində olan torpaqlarımızın işğaldan azad edilərək, regionda yeni reallıq yarandığını bir daha diqqətə çatdırıblar. Şanlı Qələbədən sonra uzun müddət erməni vandalizminə məruz qalmış əzəli torpaqlarımızın sürətlə dirçəldiyini vurğulayan natiqlər bu gün qəhrəman şəhidlərimizin ruhunun şad olduğuna və doğma Qarabağımızın tezliklə cənnətə çevriləcəyinə əminliklərini ifadə ediblər.
Bundan sonra söz məruzəçi tələbələrə verilib. Jalə Qocayeva “Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın memarıdır”, Firuzə Hüseynova “44 günlük şanlı Zəfər savaşı”, Selcan Əhmədzadə “Üçrəngli bayrağımızla fəxr edirik”, Nəcibə Allahverdiyeva “Qələbəmiz düşmənə göz dağıdır”, Aydan Verdiyeva “Torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası”, Fuad Muhammed “II Qarabağ müharibəsində Azərbaycan və Türkiyə qardaşlığı”, Leyla Cahangirli “Böyük qayıdış tarixi hadisədir”, Bəhram Əliyev “II Qarabağ müharibəsində iştirakımın xatirələri” mövzularında çıxış ediblər.
Məruzələrdə xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin xilaskarı olduğu dönə-dönə vurğulanıb. Onun siyasi varisi Prezident İlham Əliyevin düşmən üzərində Azərbaycanın çoxəsrlik tarixində bənzəri olmayan şanlı Zəfər qazanaraq adını torpaqlarımızın xilaskarı kimi əbədilik tarixə həkk etdirdiyi diqqətə çatdırılıb.
Tədbirin sonunda məruzəçi tələbələrə və onların rəhbərlərinə konfransın sertifikatı təqdim olunub.