Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasında Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir zamanı Dövlət Himninin səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kafedranın müdiri, professor Gülnarə Əzizova Zəfər Günü ilə bağlı tədbirin kafedranın Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə təşkil olunduğunu bildirib:” Bu gün fəxr etdiyimiz, qürur duyduğumuz bir gündür. Bilirsiniz ki, 30 ilə yaxın idi ki, torpaqlarımız ermənilər tərəfindən işğal olunduğundan, dünyada bizi məğlub xalq kimi tanıyırdılar. İndi qalib bir dövlət, qalib bir xalqıq. Sabah Xankəndində hərbi parad keçiriləcək. Bu, olduqca əlamətdar bir hadisədir. Arzularımız Ali Baş Komandanın rəhbərliyi, Müzəffər ordumuzun mətnliyi ilə həyata keçdi. Biz düşmən üzərində tam qələbə qazandıq. Qələbə münasibəti ilə hər birimiz Ali Baş Komandana və ordumuza borcluyuq”.
Tədbir zamanı kafedranın əməkdaşları Ellada Hüseynova, Hikmət Məmmədov qələbəni əks etdirən, şəhidlərimizin ruhuna ithaf edilmiş şeirlər səsləndirib, iştirakçıları duyğulandırıblar.
Kafedranın baş müəllimi, “Əsgərə xatirə kitabı” layihəsinin fəxri üzvü Firəngiz Quliyeva da qələbəmizin əhəmiyyətində söhbət açıb. Layihə çərçivəsində işğaldan azad edilmiş hərbi hissələrdə zabit və əsgərlərimizlə görüşündən, universitetimizin əməkdaşlaraı, tələbələr tərəfindən “Əsgər kitabxanası”na verilən hədiyyə kitabları barədə də məlumat verib.
Hərbçilərimizi, qazilərimizi, şəhid ailələrinin həmişə diqqət mərkəzində saxladıqlarını, yad edildiklərini diqqətə çatdırıb.
Tədbir Vətən müharibəsini əks etdirən filimin nümayişi ilə başa çatıb.