Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasında Zəfər Günü münasibətilə guşə təşkil edilib. Kafedranın əməkdaşları, tələbələr açılışda iştirak edib. Açılış zamanı Dövlətimizin Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kafedranın müdiri, dosent Fəridə Əli tarixi Zəfərimizin 3-cü ildönümü ilə əlaqədar təşkil olunmuş guşədə şəhidlərimizin və o cümlədən həkim şəhidlərin fotolarının yer aldığını bildirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid və qazilərimizin göstərdikləri bənzərsiz qəhrəmanlıqdan, həkim şəhidlərin misilsiz fədakarlğından söhbət açıb: “Bilirsiniz ki, bu il Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın 100 illik yubileyləri, Ali Baş Komandan İlham Əliyevin xalqımız tərəfindən Prezident seçilməsinin 20 illiyi tamam olub. Gördüyünüz kimi, bu münasibətlər ilə də guşəmizdə fotolar öz əksini tapıb.
Cənab Prezidentin oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltaması əlamətdar hadisədir. Bu hadisə hər bir azərbaycanlı kimi Bizim də ürəyimizcədir.
Erməni vandalizmi və Xocalı faciəsini əks etdirən fotolar da guşəmizdə yer alıb”.
Tədbirdə ölkə başçısının fəaliyyətinə işıq salan, Azərbaycan xalçaları, Qarabağ, Qazax-Borçalı bölgəsinin xalçaları, musiqimiz və s. barədə müxtəlif vaxtlarda nəşr olunmuş kitablar da nümayiş etdirilib.
Hindistanlı tələbələrdən Samrin Xan, Nahida Şahta Xanın “Təbib” qəzetinin əməkdaşına verdiyi açıqlamalarda torpaqlarımızın 20 faizinin 30 ilə yaxın ermənilər tərəfindən işğal olunduğu, 2020-ci ilin noyabrın 8-də ordumuz tərəfindən azad edildiyi barədə məlumatlı olduqlarını qeyd ediblər: “3 il öncə ordunuz tarixə qızıl hərflərlə düşən qəhramanlıq göstərərək torpaqlarınızı işğaldan azad etdi. Kafedranın əməkdaşları tərəfindən yaradılan guşə şəhidlərin ruhuna göstərilən bir ehtiramdır. Biz bunu təqdir edirik”.